Livan: “İsrailə raket hücumu cəhdi qarşısı alındı”

Livan ordusu, ölkənin cənubundan İsrailə qarşı planlaşdırılan raket hücumu cəhdinin qarşısını aldıqlarını açıqlayıb.
Crossmedia.az ordunun yaydığı məlumata istinadən xəbər verir ki, mart ayında Livanın cənubundan İsrailə atılan raketlərlə əlaqədar 16 aprel tarixində saxlanılan şəxslərin dindirilməsinin davam etdiyi bildirilib. Bu araşdırmalar çərçivəsində, cənub bölgəsindən İsrailə qarşı yeni raket hücumu planlandığına dair kəşfiyyat məlumatı əldə edildiyi qeyd olunub.
Açıqlamada, “Kəşfiyyat məlumatları əsasında, cənubdakı Sayda şəhərinə bağlı əz-Zahrani bölgəsində bir evə basqın təşkil olunub. Həmin evdə bir neçə raket və buraxılış rampaları ələ keçirilib. Məsələ ilə əlaqədar bir neçə nəfər saxlanılıb” deyə bildirilib. Ordunun verdiyi məlumata əsasən, saxlanılan şəxslərlə bağlı istintaq davam edir.
Livan ordusu bir neçə gün öncə də 22–28 mart tarixlərində ölkənin cənubundan İsrailə atılan raketlərlə əlaqədar bəzi Livanlı və Fələstinli şəxslərin saxlanıldığını açıqlamışdı.
İsrail, 22 martda Livandan atılan raketləri əsas gətirərək ölkənin şərq və cənubuna iki gün ardıcıl hava zərbələri endirmişdi. 28 martda isə İsrail ordusu Livanın cənubundan şimala doğru yenidən raketlər atıldığını bildirib və cavab olaraq Livanın cənubunu və paytaxt Beyrutu bombardman etmişdi.
Bu hücumlar, 27 noyabr 2024-cü ildə qüvvəyə minmiş atəşkəs razılaşmasından sonra Beyrutu hədəf alan ilk hava zərbələri olmuşdu.
Mədinə Cəlilova
19:27 04.05.2025
Oxunuş sayı: 708