Maldivlər Prezidenti Muizzu, Zelenskinin “rekordunu qırdı”

Maldivlərin Prezidenti Məhəmməd Muizzu, 3 May Dünya Mətbuat Azadlığı Günü münasibətilə keçirdiyi təxminən 15 saatlıq mətbuat konfransı ilə dünya rekordu qırdığını iddia edib.
Crossmedia.az Cənubi Asiya ölkəsinin Prezident Aparatından verilən açıqlamaya istinadən xəbər verir ki, 46 yaşlı Muizzu şənbə günü yerli saatla 10:00-da başladığı “mətbuat konfransı marafonunu” qısa ibadət fasilələri ilə birlikdə ümumilikdə 14 saat 54 dəqiqə davam etdirib.
Prezidentliyə aid rəsmi açıqlamada, Muizzunun gecə yarısından sonra da jurnalistlərin suallarını cavablandırmağa davam etdiyi və bunun “yeni bir dünya rekordu” olduğu bildirilib. Qeyd olunub ki, bu rekordun xüsusilə 3 May Dünya Mətbuat Azadlığı Günündə həyata keçirilməsi məqsədyönlü olub.
2019-cu ildə Ukraynanın Milli Rekordlar Təşkilatı Prezident Volodimir Zelenskinin 14 saatlıq mətbuat konfransı ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun 7 saatdan uzun davam edən əvvəlki rekordunu keçdiyini açıqlamışdı.
Muizzu mətbuat konfransı zamanı həm jurnalistlərin, həm də vətəndaşların verdiyi sualları cavablandırıb. Tədbirdə iştirak edən təxminən 20 jurnalistə yemək təqdim edildiyi də bildirilib.
Maldivlər Prezident Aparatı, Muizzunun “mətbuatın cəmiyyətdəki həyati rolunun fərqində olduğunu” və “faktlara əsaslanan, balanslı və qərəzsiz jurnalistikanın əhəmiyyətini” vurğuladığını qeyd edib.
“Sərhəd Tanımayan Jurnalistlər” təşkilatının 2025-ci il Dünya Mətbuat Azadlığı İndeksinə görə, Maldivlər 180 ölkə arasında 104-cü yerdə qərarlaşıb.
Maldivlərin sabiq prezidenti
Məhəmməd Naşid də 2009-cu ildə Hind okeanına dalaraq dünyanın ilk sualtı kabinet iclasını keçirərək başqa bir sahədə rekord qırmışdı. Bu tədbirin məqsədi qlobal iqlim böhranı səbəbindən dəniz səviyyəsinin yüksəlməsinə diqqət çəkmək idi.
Mədinə Cəlilova
16:57 04.05.2025
Oxunuş sayı: 801