“Oval Ofis” satışa çıxarıldı: Ağ Ev həyatı 23 milyon dollara

ABŞ-nin Florida ştatında yerləşən və daxilində Oval Ofisin orijinal ölçülərdəki surətinin olduğu malikanə 23,6 milyon dollara satışa çıxarılıb.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Thonotosassa gölünün sahilində yerləşən xüsusi dizaynlı mülk, 2012-ci ildə səhiyyə sahəsində fəaliyyət göstərən sahibkar Tom Simpson və həyat yoldaşı June tərəfindən inşa olunub. Mülkün ən çox diqqət çəkən hissəsi isə 88 kvadratmetrlik Oval Ofis surətidir. Bu otaqda Ağ Evdəki məşhur “Resolute” masasının bir nüsxəsi də yerləşdirilib.
Mülk həm Amerikanın tarixinə, həm də Major League Baseball-a olan marağı əks etdirəcək şəkildə tərtib olunub. Beyzbol mövzulu otaqda xüsusi xalça, köhnə Yankee Stadionunun oturacaqları və Atlanta Braves komandasına aid xatirə əşyaları yer alır. Təxminən 150 min dollara başa gələn bu salon 30-40 nəfərlik tədbirlər üçün sosial məkan kimi nəzərdə tutulub.
Evin digər hissəsində yerləşən “Şöhrət Yolu” dəhlizində isə The Beach Boys və Aerosmith kimi musiqi qruplarına aid imzalı gitarlar, eləcə də Tom Hanks, Elton Con, Ledi Gaga və Çer kimi məşhurlarla bağlı xatirələri əks etdirən döşəmə lövhələri sərgilənir. Bu bölmə, ev sahiblərinin tanış olduğu məşhur simalarla əlaqələrini əks etdirir.
Tom Simpson 2024-cü ildə, 79 yaşında, Parkinson xəstəliyi ilə mübarizədən sonra vəfat edib. Onun həyat yoldaşı June isə xatirələrlə dolu bu evdə artıq yaşaya bilməyəcəyinə qərar verərək mülkü satışa çıxarıb.
Mülk “Premier Sotheby’s International Realty” vasitəsilə satışa təqdim edilib. Evi tam şəkildə və ya iki ayrı hissə şəklində almaq mümkündür:
14 akrlıq əsas yaşayış sahəsi: 18,9 milyon dollar
8 akrlıq əlavə torpaq sahəsi (at tövləsi və istixana daxil olmaqla, 4,7 milyon dollar
Əgər satış baş tutarsa, 2021-ci ildə satılan 22,5 milyon dollarlıq mülkü geridə qoyaraq Tampa bölgəsinin tarixindəki ən bahalı daşınmaz əmlak satışı olacaq.
Mədinə Cəlilova
14:38 04.05.2025
Oxunuş sayı: 756