Türkiyə nüvə sualtı qayıqları hazırlamağı planlaşdırır

Türkiyə Hərbi Dəniz Qüvvələri ölkənin müdafiə potensialını gücləndirmək məqsədilə nüvə enerjisi ilə işləyən sualtı qayıqların inşasını nəzərdən keçirir. Bu təşəbbüs, ölkənin dəniz qüvvələrinin tam müstəqil və daha güclü hala gətirilməsi istiqamətində atılan mühüm addımlardan biri hesab olunur.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Ərcümənt Tatlıoğlu bu məsələ ilə bağlı açıqlamasında bildirib: “139 ildir milli hədəfimiz bizim bütün əməliyyat ehtiyaclarımıza cavab verən, tam müstəqil şəkildə idarə olunan sualtı qayıqlar yaratmaqdır. Uzunmüddətli çəkindirmə gücünü artırmaq və orta gücə sahib dünya dövləti olmaq üçün nüvə sualtı qayıqlarının inşası yolunda mühüm addım atacağıq”.
Admiral Tatlıoğlunun sözlərinə görə, yeni nəsil sualtı qayıqlar Türkiyənin hərbi strategiyasına ciddi töhfə verəcək və ölkənin regional güc mövqeyini möhkəmləndirəcək. Bu layihə Türkiyənin öz hərbi texnologiyasını inkişaf etdirmək və xarici asılılığı azaltmaq istiqamətindəki səylərinin bir hissəsidir.
Qeyd edək ki, Türkiyə artıq son illərdə müdafiə sənayesində milli istehsal imkanlarını genişləndirib. Yerli pilotsuz uçuş aparatları, döyüş təyyarələri və müxtəlif hərbi texnika ilə yanaşı, sualtı qayıq istehsalı sahəsində də irəliləyişlər əldə olunub.
Nüvə enerjisi ilə işləyən sualtı qayıqların istehsalı, həm texniki, həm də diplomatik baxımdan ciddi hazırlıq tələb edir. Layihənin tam reallaşdırılması üçün beynəlxalq razılaşmalara və texnoloji infrastrukturun gücləndirilməsinə ehtiyac duyulur.
Fatimə Nəbiyeva
01:55 04.05.2025
Oxunuş sayı: 632