İsrail dövlət televiziyasından Malta etirafı

İsrail dövlət televiziyası KAN, Qəzzaya humanitar yardım aparan gəmiyə Malta yaxınlığında edilən hücumdan bir neçə saat əvvəl İsrailə məxsus hərbi nəqliyyat təyyarəsinin Malta istiqamətində uçduğunu təsdiqləyib.
Crossmedia.az İsrail mətbuatına istinadən xəbər verir ki, İsrail ordusunun Herkül tipli C-130 hərbi nəqliyyat təyyarəsi cümə axşamı günorta saatlarında Nevatim Hərbi Hava Bazasıından havalanaraq Malta istiqamətində yola düşüb. Təyyarənin yerli saatla axşam 17:00 radələrində Malta sahilləri üzərində manevrlər etdiyi və saat 21:00-da İsrailin cənubundakı hava bazasına qayıtdığı bildirilib. Bu, Özgürlük Filosu Koalisiyasına (Freedom Flotilla Coalition – FFC) məxsus “Conscience” yardım gəmisinə edilən pilotsuz hava hücumundan sadəcə saatlar əvvəl baş verib.
İsrail ordusu və Təl-Əviv hökuməti, Fələstinli qrupların məsuliyyətini İsrailə yönəltdiyi hücumla bağlı hələ rəsmi açıqlama verməyib. İsrail Müdafiə Naziri Yisrael Katz daha əvvəl Fələstinlilərə yardım məqsədilə Qəzza sahillərinə yaxınlaşacaq gəmilərin ələ keçiriləcəyini və Qəzzəlilərin sürgün ediləcəyi ilə bağlı təhdidlər səsləndirmişdi.
Times of Malta qəzetinin yazdığına görə, hücumdan əvvəl İsrailə məxsus C-130 hərbi təyyarəsi Malta ətrafında təxminən 3 saat dövrə vurub. Qəzetə danışan yüksək rütbəli Malta hərbi mənbəsi bildirib: “Baş verənlər son dərəcə ciddi məsələdir. İsrailin Avropa İttifaqı üzvü olan Malta üzərində icazəsiz hərbi uçuş həyata keçirdiyi və neytrallığımızı pozduğu görünür. Bu, çox ciddi haldır”.
Xəbərdə həmçinin qeyd olunub ki, İsrail hərbi təyyarəsinin yardım gəmisinə edilən hücumla birbaşa əlaqəsinin olub-olmadığı hələ təsdiqlənməyib və bu barədə İsrail Müdafiə Nazirliyinə suallar göndərilib.
Fərqli ölkələrdən kampaniya və təşəbbüslərlə bir araya gələn FFC koalisiyasının təşkil etdiyi və təhlükələrə görə marşrutu gizli saxlanılan yardım gəmisinə yerli saatla 00:23-də pilotsuz hava vasitələri ilə hücum olunub. Hücum nəticəsində gəminin gövdəsində dəlik açılıb, ön hissəsində isə yanğın baş verib.
Mədinə Cəlilova
20:23 03.05.2025
Oxunuş sayı: 942