Pakistandan Hindistana göz dağı: Ballistik raket sınaqları keçirildi

Pakistan ordusu Hindistanla artan gərginlik fonunda, 450 kilometr mənzilli “Abdali” adlı quru bazalı ballistik raketin təlim məqsədli sınağını uğurla həyata keçirdiyini açıqlayıb. Raketin həm adi, həm də nüvə başlığı daşımaq qabiliyyətinə malik olduğu bildirilib.
Crossmedia.az ordunun açıqlamasına istinadən xəbər verir ki, sınağın məqsədi hərbi birliklərin əməliyyat hazırlığını təmin etmək və raketin inkişaf etmiş naviqasiya sistemi ilə təkmilləşdirilmiş manevr imkanlarını sınaqdan keçirmək idi. Pakistan Prezidenti Asıf Əli Zərdari və Baş nazir Şahbaz Şərif sınaqda iştirak edən alimləri və mühəndisləri təbrik edib, ölkənin strateji çəkindiriciliyinin gücləndirilməsində göstərdikləri səylərə görə təşəkkürlərini bildirib.
Bu addım Pakistanın Hindistana “gözdağı” verdiyi kimi qiymətləndirilib.
22 aprel tarixində Hindistanın Cammu və Kəşmir bölgəsində yerləşən Pahalgam qəsəbəsində baş verən və 26 turistin həlak olduğu silahlı hücuma görə Hindistan Pakistanı məsul tutdu. Hücuma Pakistan mərkəzli “Leşker-i Teyyibə” qruplaşmasının qolu olan “Müqavimət Cəbhəsi (TRF)” adlı təşkilat məsuliyyəti üzərinə götürdü.
Pakistan hökuməti hücumla heç bir əlaqəsi olmadığını bildirərək, tərəfsiz araşdırma çağırışı etdi. Ardınca iki ölkə arasında diplomatik gərginlik daha da artdı. Vizalar qarşılıqlı şəkildə ləğv edildi, diplomatik nümayəndələrin sayı azaldıldı.
Pakistan Hindistan aviaşirkətlərinə hava məkanını bağladı. Hindistan isə İnd çayı və qolları üzrə su bölgüsünü tənzimləyən İndus Su Müqaviləsini dayandırdığını elan etdi. Bu qərar Pakistanda etirazlara səbəb oldu və hökumət Hindistanın bu addımına qarşı hüquqi tədbirlər görəcəyini, su axınının dayandırılmasını “müharibə səbəbi” sayacağını açıqladı.
Bundan əlavə, Kəşmirdə iki ölkə arasındakı faktiki sərhəd olan 740 kilometrlik Nəzarət Xətti (LoC) boyunca silahlı qarşıdurmalar yaşandı.
Pakistanın informasiya və yayım naziri Attaullah Tarar 30 aprel tarixində verdiyi açıqlamada, Hindistanın qarşıdakı 24-36 saat ərzində Pakistana hücum etməyi planlaşdırdığına dair etibarlı kəşfiyyat məlumatına sahib olduqlarını bildirmişdi.
Regionda vəziyyət gərgin olaraq qalır.
Mədinə Cəlilova
18:55 03.05.2025
Oxunuş sayı: 877