Qazaxıstan bir sıra rusiyalı məşhurları "qara siyahı"ya daxil edib

Qazaxıstan hökuməti Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, politoloq Aleksandr Duqin, "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov, rejissor Tiqran Keosayan və media meneceri Tina Kandelaki də daxil olmaqla bir sıra rusiyalı ictimai xadimi "arzuolunmaz şəxslər" siyahısına daxil edib. Bu barədə "Deutsche Welle" nəşri Qazaxıstan hökumətindəki anonim mənbəyə istinadən məlumat yayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, mənbənin sözlərinə görə, ölkənin suverenliyini ictimai şəkildə şübhə altına alan şəxslərin Qazaxıstana girişi qadağan edilib. Mənbə qeyd edib ki, əvvəllər bu siyahının simvolik fiquru Vladimir Jirinovski idisə, indi siyahıda Tina Kandelaki, Tiqran Keosayan, Aleksandr Duqin, politoloq Nikita Mendkoviç, deputatlar Yevgeni Fedorov, Vyaçeslav Nikonov və Pyotr Tolstoy kimi qalmaqallı şəxslər yer alır. Həmçinin Konstantin Zatulin və Yevgeni Primakov da siyahıya daxildir.
Mənbə vurğulayıb ki, adı çəkilən şəxslərin hamısı ölkə və onun rəhbərliyi haqqında sərt ifadələr işlədiblər. Bu addım Qazaxıstanın milli maraqlarını qorumaq və ölkənin suverenliyinə hörməti təmin etmək məqsədi daşıyır.
Qazaxıstan tərəfinin bu qərarı Rusiya ilə Qazaxıstan arasında münasibətlərdə müəyyən gərginliyə səbəb ola bilər. Rusiya tərəfinin bu məsələyə necə reaksiya verəcəyi hələlik məlum deyil.
Bildirilir ki, Qazaxıstan hökuməti gələcəkdə də ölkənin suverenliyinə qarşı çıxan şəxslərə qarşı bu cür tədbirlər görməyə davam edəcək. Siyahının yenilənib-yenilənməyəcəyi isə yaxın zamanlarda aydın olacaq.
Fatimə Nəbiyeva
17:15 03.05.2025
Oxunuş sayı: 1040