Nəhəng destroyerdə “Rusiya izi” iddiası

Cənubi Koreya ordusu, Şimali Koreyanın yeni təqdim etdiyi hərbi gəminin inşasında Rusiyadan yardım alınmış ola biləcəyini bildirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya şənbə günü “Choe Hyon” adlı, 5 min tonluq destroyer sinifli hərbi gəmisini təqdim edib. Bəzi analitiklər gəminin qısa mənzilli taktiki nüvə raketləri ilə təchiz oluna biləcəyini deyir.
Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsinin sözçüsü Li Sonq-jun, “Ortaya çıxan silah və avadanlıqlara baxdıqda, Rusiyadan texnologiya, maliyyə və ya birbaşa yardım alındığı ehtimalını istisna etmirik. Daha ətraflı təhlil aparılır,” deyə açıqlama verib.
Pxenyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinə görə, Şimali Koreya lideri Kim Çen In bu həftə gəminin iki günlük silah sınağının ilk gününə nəzarət edib və rəsmilərə “dəniz qüvvələrinin nüvə silahlanmasını sürətləndirmək” göstərişi verib.
Şimali Koreya, “ən güclü silahlarla” təchiz olunduğunu iddia etdiyi destroyerin 2025-ci ilin əvvəlində xidmətə başlayacağını açıqlayıb. Kim Çen In, sınaq zamanı gəminin suüstü atəş sistemlərinin hipersəsli raketlər, strateji kruiz raketləri və taktiki ballistik raketlərlə effektiv şəkildə inteqrasiya edildiyini bildirib.
Cənubi Koreya sözçüsü Li, gəminin tam şəkildə istifadəyə verilməsinin zaman alacağını, belə hərbi gəmilərin tikintisinin illərlə çəkdiyini və istifadəyə hazır hala gəlməsi üçün əlavə müddət lazım olduğunu qeyd edib.
Bu həftə Şimali Koreya ilk dəfə rəsmi olaraq Rusiyaya əsgər göndərdiyini təsdiqləyib. Dövlət xəbər agentliyi KCNA, Şimali Koreya əsgərlərinin Kursk bölgəsində torpaqların geri alınması üçün döyüş əməliyyatlarında iştirak etdiyini bildirib. Bu təsdiq, Cənubi Koreya və Qərb kəşfiyyatının Pxenyanın keçən il Rusiyaya 10 mindən çox əsgər göndərdiyinə dair hesabatlarını dəstəkləyib.
Bununla yanaşı, Rusiya və Şimali Koreya arasında ilk avtomobil körpüsünün inşa edildiyi də elan olunub. Bu layihə iki ölkə arasında dərinləşən əməkdaşlığın simvolu kimi təqdim edilib.
Mədinə Cəlilova
20:10 01.05.2025
Oxunuş sayı: 728