İsraildə meşə yanğınları: 18 nəfər saxlanıldı

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkə polisi meşə yanğınlarının təşkilində şübhəli bilinən 18 nəfəri saxlayıb. Onlardan biri birbaşa hadisə yerində ələ keçirilib. Baş nazir hadisənin araşdırıldığını və məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verəcəyini deyib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, yanğınlar ötən gün səhər saatlarında başlayıb və qısa müddətdə geniş ərazilərə yayılıb. Güclü külək və quraqlıq səbəbindən alov nəzarətdən çıxıb. İlkin hesablamalara görə, yanğın nəticəsində 2 min hektara yaxın əkin sahəsi və yaşıllıq məhv olub.
Yanğın nəticəsində “Kanada Parkı” adlı meşəlik tamamilə yanıb. Milli park statusu daşıyan bu ərazi ölkənin ümumi ərazisinin 13 faizini təşkil edir. Bu park həm ekoloji, həm də turistik baxımdan önəmli ərazilərdən biri hesab olunur.
Hadisə yerinə yüzlərlə yanğınsöndürən cəlb olunub. Onlara ordunun xüsusi bölmələri də kömək göstərir. Əraziyə helikopterlər və xüsusi aviasiya texnikaları göndərilib. Yanğının genişlənməsinin qarşısını almaq üçün intensiv tədbirlər görülür.
Meteoroloqlar isə hava şəraitinin yaxın saatlarda daha da pisləşəcəyini bildirib. Cümə axşamının ikinci yarısında küləyin daha da güclənəcəyi gözlənilir. Bu da söndürmə işlərini çətinləşdirə bilər. Rəsmilər vətəndaşları təmkinli olmağa və təhlükəli ərazilərdən uzaq durmağa çağırıb.
Fatimə Nəbiyeva
18:20 01.05.2025
Oxunuş sayı: 850