Azərbaycan və İran arasında strateji əməkdaşlığın yeni mərhələsi

2025-ci ilin aprel ayında Bakı şəhərində keçirilən Azərbaycan-İran biznes forumu iki ölkə arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm hadisə oldu. Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian iştirak etdilər. Tədbir çərçivəsində hər iki dövlət başçısının iştirakı ilə həm ikitərəfli görüşlər keçirildi, həm də mühüm razılaşmalar əldə olundu. Prezidentlər arasında təkbətək və geniş tərkibdə aparılan danışıqlarda əsas diqqət siyasi, iqtisadi, nəqliyyat, energetika və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəldildi.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda Azərbaycan ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin tarixi köklərə əsaslandığını vurğuladı və bu əlaqələrin daha da möhkəmləndirilməsinin regionda sülhün və sabitliyin qorunmasına xidmət etdiyini qeyd etdi.
İran Prezidenti Məsud Pezeşkian isə öz növbəsində bildirib ki, iki ölkə arasındakı əlaqələrin inkişafı təkcə ikitərəfli münasibətlərə deyil, eyni zamanda regional inteqrasiyaya və əməkdaşlığa mühüm töhfə verəcək. O, xüsusilə nəqliyyat və enerji sahələrində birgə layihələrin həyata keçirilməsini vacib hesab etdiyini diqqətə çatdırdı. Forum çərçivəsində Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən mühüm sənədlər imzalandı.
Xəzər dənizində əməkdaşlığın genişləndirilməsi, Astara-Rəşt dəmir yolunun inşası, enerji sektorunda – xüsusilə hidroqovşaqların və su elektrik stansiyalarının birgə istifadəsi üzrə razılaşmalar əldə olundu. Bu layihələr hər iki ölkənin iqtisadi inkişafına və regional nəqliyyat dəhlizlərinin gücləndirilməsinə mühüm töhfə verəcək. Mədəni-humanitar sahədə də əməkdaşlıq məsələləri ön plana çəkildi. Görüşlər zamanı Azərbaycan və İran xalqları arasında tarixi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, birgə mədəni tədbirlərin keçirilməsi və humanitar sahədə mübadilələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.
İran Prezidentinin Azərbaycana səfəri çərçivəsində təşkil olunan rəsmi qarşılanma mərasimi yüksək dövlət protokoluna uyğun şəkildə həyata keçirildi. Prezident Məsud Pezeşkianı Prezident İlham Əliyev şəxsən qarşılayaraq, iki ölkə arasında dostluğun və qarşılıqlı hörmətin əyani təzahürünü nümayiş etdirdi. Bakı biznes forumu və imzalanan sənədlər Azərbaycan və İran arasında strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. İkitərəfli münasibətlərin bütün istiqamətlərdə inkişaf etdirilməsi, ortaq layihələrin icrası və siyasi dialoqun davam etdirilməsi hər iki ölkənin maraqlarına cavab verir və regionda davamlı inkişafın təmin olunmasına xidmət edir.
Azərbaycan və İran arasında imzalanan bu sənədlər və əldə olunan razılaşmalar bir daha sübut edir ki, qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər gələcəkdə daha da genişlənəcək və hər iki xalqın rifahına xidmət edəcəkdir. Bu forum bir daha göstərdi ki, regionun gələcəyi qarşılıqlı anlaşma və əməkdaşlıq müstəvisində formalaşmalıdır. Azərbaycan və İran arasında formalaşan yeni əməkdaşlıq modeli, qarşılıqlı etimad və praktik yanaşmaya əsaslanır. Bu münasibətlərdə emosional deyil, məntiqli və gələcəyə hesablanmış qərarlar əsas rol oynayır. Strateji əhəmiyyətə malik layihələrin reallaşması, yalnız iqtisadi deyil, siyasi sabitliyə də töhfə verir. Xüsusilə Astara-Rəşt dəmir yolunun çəkilməsi regional logistika xəritəsini tamamilə yenidən formalaşdıra bilər. Enerji resurslarının birgə istifadəsi isə həm ekoloji davamlılıq, həm də enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. İki xalq arasında mövcud olan tarixi bağlar, bu gün strateji tərəfdaşlıq ruhu ilə tamamlanaraq gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradır. Mədəni sahədə qarşılıqlı tədbirlərin keçirilməsi xalqlar arasında sosial əlaqələrin daha da yaxınlaşmasına xidmət edəcək. Prezidentlərin bu qətiyyəti göstərir ki, siyasi iradə olduqda ən mürəkkəb məsələlər belə konstruktiv həllini tapa bilər. Azərbaycan bu gün regional əməkdaşlığın fəal təşəbbüskarı olaraq, qarşılıqlı inkişafa yönəlmiş siyasətini davam etdirir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
12:39 01.05.2025
Oxunuş sayı: 3453