ABŞ Ukrayna ilə təbii sərvətlərlə bağlı razılaşma imzaladı

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə imzalanmış yeni təbii sərvətlər razılaşmasının ölkəsinə yatırılan vəsaitdən qat-qat artıq fayda verəcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp sözügedən razılaşma nəticəsində ABŞ-ın nəzəri olaraq 350 milyard dollardan daha çox qazanc əldə edəcəyini deyib. Onun sözlərinə görə, bu məbləğ keçmiş prezident Co Baydenin Ukraynaya həm nağd vəsait, həm də hərbi texnika şəklində ayırdığı yardım qədərdir.
Donald Tramp bildirib ki, ABŞ tərəfi Ukraynanın təbii sərvətlərinə çıxış imkanı qazandığı bu razılaşma ilə öz investisiyalarının təhlükəsizliyini təmin edib. Həmçinin bu saziş çərçivəsində ABŞ artıq Ukrayna ərazisində faydalı qazıntıların çıxarılmasına başlaya bilər.
“Biz razılığa gəldik ki, artıq vəsaitlərimiz təhlükədə deyil və biz qazıntılara başlaya bilərik. Lazım olanı edəcəyik. Bu həm də Ukrayna üçün faydalıdır, çünki orada amerikalıların iştirakı olacaq. Bu da bir çox zərərli qüvvələrin həmin əraziyə yaxınlaşmasının qarşısını alacaq,” – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, 30 aprel tarixində ABŞ və Ukrayna arasında imzalanan razılaşmaya əsasən, birgə investisiya fondu yaradılacaq. Bu fond vasitəsilə təbii sərvətlərin hasilatından əldə olunan gəlirlərlə Ukrayna iqtisadiyyatının bərpasına dəstək göstərilməsi planlaşdırılır.
Fatimə Nəbiyeva
12:00 01.05.2025
Oxunuş sayı: 881