ABŞ və Ukrayna strateji əhəmiyyətli faydalı qazıntılar sahəsində əməkdaşlığa dair saziş imzalayıblar

Saziş çərçivəsində iki ölkə nadir torpaq elementlərinin hasilatı və emalı, həmçinin bu sahədə texnologiya və investisiya imkanlarının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Müqavilə, xüsusilə enerji keçidi və müdafiə sənayesi üçün vacib olan resursların etibarlı tədarükünü təmin etməyi hədəfləyir.
Crossmedia.az "Bloomberg" nəşrinə istinadən xəbər verir ki, Ukrayna və ABŞ arasında imzalanan saziş bunları özündə ehtiva edir:
Bütün resurslar Ukraynanın mülkiyyətində qalır — buna müqavilədə zəmanət verilir.
50/50 əsasında investisiya fondu yaradılacaq. Kiyev və Vaşinqton fondu bərabər səlahiyyətlərlə birgə idarə edəcəklər.
Müqavilə özəlləşdirmə proseslərinə və ya dövlət şirkətlərinin idarə edilməsinə heç bir dəyişiklik etmir. Ukrnafta və Energoatom dövlətə məxsus olaraq qalacaqlar.
Saziş Ukrayna üçün heç bir borc öhdəliyini ehtiva etmir və ölkənin Aİ-yə üzvlük kursunu dəyişdirmir. O, Kiyevin bütün beynəlxalq öhdəliklərinə uyğundur.
Fond yalnız yeni lisenziyalar və kritik materiallar, neft və qaz sahəsində yeni layihələrdən əldə edilən gəlirlərlə doldurulacaq.
Fondun fəaliyyətini təmin etmək üçün yalnız büdcə məcəlləsində dəyişikliklər tələb olunur. Müqavilənin özü Ali Rada tərəfindən ratifikasiya edilməlidir.
Birləşmiş Ştatlar İnkişaf Maliyyə Korporasiyası (DFC) vasitəsilə Ukraynaya investisiya, texnologiya və innovasiya cəlb etməkdə kömək edəcək.
Fondun gəlirləri və töhfələri nə ABŞ, nə də Ukraynada vergiyə cəlb edilməyəcək.
11:15 01.05.2025
Oxunuş sayı: 739