İki dövlətli həll üçün yeni səhifə: Qərb Fələstini tanıya bilər

Böyük Britaniya və Fransa Fələstin dövlətinin tanınması məsələsini müzakirə edir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Kir Starmerin xarici siyasət üzrə nümayəndəsi Devid Lemmi Lordlar Palatasında çıxışı zamanı məlumat verib.
Lemminin sözlərinə görə, London iki dövlətli həll perspektivini qorumaq məqsədilə Fransa və Səudiyyə Ərəbistanı ilə aktiv diplomatik məsləhətləşmələr aparır. O, ilk dəfə olaraq Böyük Britaniyanın Fələstinin tanınması məsələsini rəsmi şəkildə Parislə müzakirə etdiyini təsdiqləyib.
“Biz həmişə qeyd etmişik ki, tanınma sülh prosesinin bir hissəsi olmalıdır və bu, sadəcə simvolik addım kimi deyil, real təsir gücünə malik bir məqamda həyata keçirilməlidir”, – deyə Lemmi vurğulayıb.
Qeyd edək ki, hazırda dünya üzrə 160 ölkə, o cümlədən son aylarda İspaniya, Norveç və İrlandiya Fələstin dövlətini rəsmi olaraq tanıyıb. Fransa Prezidenti Emmanuel Makron da bu ilin iyununda keçiriləcək beynəlxalq konfransda Fələstinin tanınması ilə bağlı qərarın verilə biləcəyini açıqlayıb. Bu halda Fransa, Fələstini tanıyan ilk G7 ölkəsi olacaq.
Devid Lemmi çıxışı zamanı həmçinin İsrailin məskunlaşma siyasətinin sürətlənməsinin iki dövlətli həll yolunu getdikcə qeyri-mümkün etdiyini bildirib.
O, Qəzzada humanitar yardımın qarşısının alınmasından narahatlığını ifadə edərək əlavə edib: “Əzablar dəhşətlidir, ehtiyaclar böyükdür, insan itkisi isə artıq dözülməz həddə çatıb”.
22:41 30.04.2025
Oxunuş sayı: 813