Özbəkistan Senatı Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.
Bu barədə Crossmedia.az Özbəkistan Senatına istinadən xəbər verir.
Senatın altıncı plenar iclasında 23 avqust 2024-cü il tarixində Daşkənddə imzalanmış "Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin ratifikasiyası haqqında" qanuna baxılıb.
Müqavilədə həmçinin tərəflərin bir-birinə qarşı yönəlmiş hər hansı blok və ya ittifaqlarda iştirak etməməsi əksini tapıb. İki dövlət arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə zərər vuran hər hansı hərəkətlərdə iştirakdan çəkinmək kimi öhdəliklər də müəyyən edilib.
Müqavilənin ratifikasiyası iki ölkə arasında qarşılıqlı etimadın, dostluq münasibətlərinin və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.
Bundan əlavə, sənəd siyasi əməkdaşlığın genişləndirilməsi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafı, yeni layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.
17:41 30.04.2025
Oxunuş sayı: 857