ABŞ və Çin barışa bilmir: Sazişə gedən yolda ritorik savaş qızışır

ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatının Uorren şəhərində ikinci prezidentlik müddətinin ilk 100 gününə həsr olunmuş mitinqdə çıxışı zamanı bildirib ki, Vaşinqton Çinlə ticarət sazişi imzalamağa hazırdır, lakin bu, ABŞ üçün illik bir trilyon dollar zərərə səbəb olmamalıdır.
“Onlar saziş bağlamaq istəyirlər. Biz də bunu istəyirik, lakin bu, ədalətli saziş olmalıdır. Bu saziş nəticəsində ABŞ daha bir trilyon dollar itirməyəcək-Bayden dövründə olduğu kimi”,– deyə Tramp vurğulayıb.
Crossmedia.az bildirir ki,eyni zamanda, Çinin xarici işlər naziri Van Yi Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən genişləndirilmiş BRİKS nazirlər görüşündə bildirib ki, əgər Vaşinqton tarif müharibəsini davam etdirməkdə israrlıdırsa, Pekin sona qədər mübarizə aparmağa hazırdır.
“Ticarət müharibəsinə Çinin cavabı aydındır və qətidir: əgər siz mübarizə istəsəniz, biz sona qədər döyüşəcəyik. Əgər dialoqa hazırsınızsa, bir-birimizi bərabər tərəf kimi tanımalıyıq,” – deyə Van Yi qeyd edib.
Qeyd edək ki,tərəflər arasında artan gərginlik qlobal ticarət münasibətlərinə ciddi təsir edə bilər.
Fidan Xəlilova
16:45 30.04.2025
Oxunuş sayı: 887