Türkiyə və Pakistan arasında hərbi əməkdaşlıq genişlənir

Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndə heyəti Pakistan Hərbi Hava Qüvvələrinin qərargahına səfər edib. Nümayəndə heyətinə Türkiyə Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Yaşar Kadıoğlu rəhbərlik edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, səfər çərçivəsində iki ölkənin nümayəndələri arasında aparılan müzakirələrdə regional təhlükəsizlik məsələləri, hərbi əməkdaşlıq və birgə layihələrin gələcəyi əsas mövzular olub. Tərəflər terrorla mübarizə, müdafiə sənayesində qarşılıqlı təcrübə mübadiləsi və yeni texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı həmçinin peyk proqramları, kəşfiyyat görüntülərinin paylaşılması və müdafiə texnologiyaları sahəsində birgə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər bu sahələrdə əməkdaşlığın gücləndirilməsinin hər iki ölkənin milli maraqlarına xidmət etdiyini vurğulayıblar.
Hər iki tərəf birgə təlimlərin keçirilməsi, hərbi təhsil və personal mübadiləsinin artırılması ilə bağlı da razılığa gəlib. Türkiyə və Pakistan uzun illərdir ki, dost və strateji tərəfdaş olaraq, xüsusilə müdafiə sənayesi və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq edir.
Səfərin sonunda general-leytenant Yaşar Kadıoğlu Pakistan tərəfinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və iki ölkə arasında hərbi əlaqələrin daha da inkişaf edəcəyinə inandığını bildirib. Bu səfər ikitərəfli münasibətlərin möhkəmlənməsinə və regional təhlükəsizliyə müsbət təsir göstərəcək addım kimi qiymətləndirilir.
Fatimə Nəbiyeva
09:32 30.04.2025
Oxunuş sayı: 522