Lavrov: "Rusiya Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazırdır"

"Moskva Ukrayna ilə ilkin şərtsiz danışıqlara başlamağa hazırdır".
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazirin sözlərinə görə, Rusiya yaxın günlərdə müvəqqəti atəşkəs rejimi tətbiq etməyi planlaşdırır.
Lavrov bildirib ki, daha əvvəl ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə enerji infrastrukturlarına dair elan edilən atəşkəs müddətində Rusiya öz öhdəliklərinə tam şəkildə əməl edib. Lakin Ukrayna tərəfi bu razılaşmalara riayət etməyib.
Nazir əlavə edib ki, atəşkəs rejiminin pozulmasına dair Ukrayna ordusunun törətdiyi insidentlər siyahısı hazırlanaraq, həm Birləşmiş Millətlər Təşkilatına, həm də ABŞ-ın dövlət katibi Marko Rubioya təqdim olunub.
Lavrov həmçinin qeyd edib ki, Kiyev əvvəllər atəşkəsə qarşı çıxsa da, hazırda Ukrayna ordusunun cəbhədə geri çəkilməsi fonunda rəsmi mövqeyini dəyişib və dərhal atəşkəsə çağırmağa başlayıb.
“Prezident Vladimir Putinin təşəbbüsü birbaşa və ilkin şərtsiz danışıqların başlanmasını nəzərdə tutur”, – deyə Sergey Lavrov vurğulayıb.
Bununla yanaşı, nazir bəyan edib ki, atəşkəs çağırışları bəzi Qərb dövlətləri tərəfindən Kiyevə daha çox hərbi dəstək göstərmək və onun müdafiə potensialını gücləndirmək məqsədilə alət kimi istifadə olunur.
Aybəniz Səfərova
23:28 29.04.2025
Oxunuş sayı: 655