Hindistan və Pakistan arasında gərginlik artır: Müharibə ehtimalı gündəmdədir

Son günlər Hindistan və Pakistan arasında artan gərginlik beynəlxalq diqqət mərkəzinə çevrilib. Lakin mövcud vəziyyəti analiz edərkən bəzi əsas məqamlar çox zaman diqqətdən kənarda qalır. Xüsusilə Türkiyənin Pakistana hərbi texnika tədarükü bu kontekstdə xüsusi əhəmiyyət daşıyır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, iki ölkə arasında bu tip gərginliklər tarixi presedentlərə əsaslanır. 2008-ci ildə Mumbayda törədilən terror aktı nəticəsində 166 nəfər həlak olmuşdu. Bu hadisə iki ölkə arasında ciddi diplomatik böhran yaratmışdı. 2019-cu ildə isə Hindistanın Pəlvama bölgəsində hərbi kolonuna edilən hücum nəticəsində 40 nəfər həyatını itirmişdi. Bunun ardınca Hindistan Pakistan ərazisinə hava zərbəsi endirmişdi. Cavab olaraq Pakistan iki Hindistan hərbi təyyarəsini vurmuş və pilot Abhinandan Varthamanı əsir almışdı. Daha sonra həmin pilot diplomatik yollarla azad edilmişdi.
Ümumiyyətlə, Hindistanın iqtisadi və demoqrafik üstünlüklərinə baxmayaraq, hərbi sahədə Pakistana qarşı açıq-aşkar üstünlüyü yoxdur. Hindistan əsasən dəniz qüvvələri sahəsində üstünlük saxlayır. Ölkə iki aviadaşıyıcı gəmi – INS Vikramaditya və INS Vikrant – və daha böyük tonaqlı donanması ilə fərqlənir. Lakin Pakistan bu sahədəki fərqi kompensasiya etmək üçün intensiv hərbi texnika alışına üstünlük verir. Belə ki, Türkiyədən “Ada” sinifli korvetlər, Çindən “Type 054A/P” freqatları, İtaliyadan isə patrul gəmiləri alınıb.
Aviasiya sahəsində də Pakistan son illərdə xeyli güclənib. Hindistanın Fransa istehsalı olan 36 ədəd Rafale təyyarəsi üstün manevr və hava döyüş qabiliyyətinə malik olsa da, Pakistanın aldığı 130 ədəd JF-17 Block III və 25 ədəd J-10C tipli qırıcılar bu sahədə balansı dəyişib. Pakistan bu təyyarələri PL-15 tipli 200 kilometr məsafəyə malik raketlərlə təchiz edib ki, bu da havada üstünlük üçün ciddi faktor sayılır.
Bundan əlavə, Türkiyənin Pakistana verdiyi “Bayraktar TB2” və “AKINCI” kimi müasir pilotsuz uçuş aparatları da hava üstünlüyü sahəsində İslamabadın imkanlarını artırıb. Hindistan isə hazırda əsasən məhdud sayda İsrail istehsalı olan “Heron” pilotsuz aparatlarına malikdir və ABŞ-dan “Predator B” dronlarının alınmasını gözləyir.
Gərginlik kontekstində diqqət çəkən digər məqam isə Pakistanın Hindistanla sərhəd zonalarında yerləşən yerli əhalinin vəziyyətidir. Sərhədyanı bölgələrdə geniş şəkildə yayılmış yaxşı silahlanmış və döyüş təcrübəsi olan yerli icmalar var. Bu isə Hindistanın mümkün hərbi əməliyyatları zamanı qarşılaşacağı əlavə çətinliklərdən biri ola bilər. Hətta Hindistan ordusu taktiki qələbə əldə etsə belə, işğal olunmuş ərazilərdə sabitliyi təmin etmək asan olmayacaq.
Hindistan və Pakistan bir-birinin hərbi imkanları və müdafiə strategiyaları haqqında kifayət qədər məlumata malikdir. Tərəflər risklərin fərqindədir və buna görə də son dərəcə ehtiyatlı davranırlar. Müşahidəçilər qeyd edir ki, əgər Hindistan qısa müddətdə qəti qələbə qazanacağına əmin olsaydı, artıq əməliyyata başlamış olardı. Lakin real vəziyyət göstərir ki, hazırkı balans müharibə riskini artırsa da, açıq qarşıdurmanın qarşısını almaq üçün hər iki tərəf maksimum səylə diplomatik kanalları açıq saxlayır.
Fatimə Nəbiyeva
15:41 28.04.2025
Oxunuş sayı: 612