New Orleans 2050-ci ildə sular altında qala bilər

ABŞ-nin tarixi şəhərlərindən olan New Orleans hər il təxminən 5 santimetr sürətlə çökür və 2050-ci ilə qədər böyük bir hissəsinin su altında qalacağı proqnozlaşdırılır.
Crossmedia.az son araşdırmalara istinadən xəbər verir ki, şəhərin torpaq quruluşunun, ağır binaların təzyiqi və torpağın havaya məruz qalması səbəbilə sürətlə çökməyə davam etdiyini ortaya qoyub.
Tulane Universitetinin 2024-cü il tarixli tədqiqatına əsasən, New Orleans əsasən yumşaq, süngərəbənzər turba və gil torpaqlar üzərində salınıb. Bu torpaq növləri zamanla sıxlaşaraq şəhərin çökmə prosesini sürətləndirir. Mütəxəssislər New Orleansı ABŞ-də daşqın və dəniz səviyyəsinin yüksəlməsi riskinə ən çox məruz qalan şəhərlərdən biri kimi qiymətləndirir.
Virginia Tech universitetinin rəhbərliyində aparılan digər bir araşdırmaya görə, gələcək 30 il ərzində Körfəz və Atlantik okeanı sahillərində yerləşən 24-dən çox Amerika şəhəri oxşar batma riski ilə qarşı-qarşıya qalacaq. Xüsusilə 2005-ci ildə Katrina qasırğasından ağır zərər görən New Orleans, sonradan inşa edilən bənd və daşqın idarəetmə sistemləri ilə qorunsa da, bu tədbirlər yeni torpaq qatlarının yaranmasına mane olduğu üçün çökmə sürətini daha da artırıb. NASA və Luiziana Dövlət Universitetinin alimləri ən sürətli çökmə prosesinin Missisipi çayı sahilindəki sənaye zonalarında müşahidə olunduğunu bildiriblər.
İqlim dəyişikliyi də şəhərin çökməsində mühüm rol oynayır. NASA-nın 2023-cü ildə yaydığı hesabatda artan yağışlar və temperatur səbəbindən Missisipi çayı boyunca daşqın zonalarının genişləndiyi və bu prosesin New Orleans bölgəsində 10 minlərlə insanı risk altına atdığı qeyd olunub. Virginia Tech-in araşdırmasına əsasən, təkcə New Orleans deyil, həmçinin Mayami, Qalveston və digər sahil şəhərləri də ciddi təhlükə altındadır. Mayamidə 2050-ci ilə qədər 81 min evin yox ola biləcəyi və təxminən 31 milyard dollarlıq iqtisadi itkinin baş verə biləcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, iqlim dəyişikliyindən ən çox təsirlənən bölgələrin əsasən iqtisadi və etnik azlıqların yaşadığı ərazilər olduğu vurğulanır. Virginia Tech universitetindən Leonard Ohenhen bu bölgələrin dəniz səviyyəsinin yüksəlməsi ilə mübarizə aparacaq kifayət qədər resursa malik olmadığını bildirib.
Alimlər bildirirlər ki, dəniz səviyyəsinin artımı yalnız hazırkı iqlim dəyişikliyinin deyil, həm də keçmişdəki qlobal istiləşmə təsirlərinin nəticəsidir. Bu da 2050-ci il üçün edilən pessimist proqnozların böyük ölçüdə qaçınılmaz olduğunu göstərir. Tarixi və mədəni zənginliyi ilə tanınan New Orleansın gələcəyi isə atılacaq addımlardan və qlobal iqlim siyasətinin uğurundan asılı olacaq.
Mədinə Cəlilova
20:18 26.04.2025
Oxunuş sayı: 1020