Tehran və Vaşinqtonun gizli diplomatiyası: Nüvə sövdələşməsi yoxsa regional hesablaşma?

İran və ABŞ arasında son aylarda müxtəlif diplomatik kanallarla aparılan danışıqlar təkcə nüvə proqramı ilə məhdudlaşmır. Maskat və Romada baş tutan birbaşa və dolayı təmaslar, beynəlxalq aləmdə maraqla izlənilən yeni bir diplomatik mərhələnin başlandığını göstərir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, danışıqlar masasında nüvə silahlarının istehsal potensialı, uranın zənginləşdirilməsi səviyyəsi və beynəlxalq yoxlamalarla yanaşı, İranın ballistik raket proqramı və bölgədəki proksi qüvvələrinin fəaliyyəti də əsas mövzular sırasındadır. ABŞ tərəfi İranın Suriya, Livan, Yəmən və İraqdakı müttəfiq silahlı qruplarının təsir gücünün azaldılmasını tələb edir.
Analitiklərə görə, bu danışıqlar Yaxın Şərqdəki geosiyasi tarazlıqların yenidən qurulduğu bir mərhələyə təsadüf edir. Xüsusilə İsrailin 2023 – cü il oktyabrın yeddisində Qəzzaya başladığı hərbi əməliyyatlardan sonra bölgədə İran-İsrail gərginliyi artıb. İsrailin İrana məxsus obyektlərə hava zərbələri endirməsi və Tehranın cavab olaraq proksi qüvvələrini hərəkətə keçirməsi, diplomatik masada təhlükəsizlik prioritetlərini ön plana çıxarıb.
ABŞ diplomatiyaya açıq olduqlarını bəyan etsə də, hərbi variantın da gündəmdə saxlanıldığını gizlətmir. İran isə milli müdafiə gücündən geri çəkilməyəcəyini vurğulayaraq, eyni zamanda iqtisadi sanksiyaların ləğvi müqabilində güzəştlərə açıq olduğunu bildirir.
Təhlükəsizlik eksperti Dr. Hurşid Dingilin fikrincə, bu danışıqlar iki ölkə arasında yalnız bir razılaşma məsələsi deyil, həm də regionun gələcək xəritəsini müəyyən edəcək uzunmüddətli strateji çərçivədir.
Hazırda həm İranın, həm də ABŞ-nin “qırmızı xətləri” və kompromis məqamları üzərində texniki səviyyədə intensiv müzakirələr davam edir.
Nigar Rəhimova
23:20 22.04.2025
Oxunuş sayı: 611