“The Guardian”: Tehran-Vaşinqton danışıqlarında uğur perspektivi yoxdur

Britaniyanın nüfuzlu “The Guardian” qəzeti Tehran və Vaşinqton arasında keçirilən dolayı danışıqların uğurlu nəticələnməsinə dair perspektivin zəif olduğunu yazıb. Qəzet bu ehtimalı azaldan beş əsas səbəbi sadalayıb.
Birinci səbəb kimi ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi təhdidləri göstərilir.
Nəşrin yazdığına görə, Tramp bir neçə dəfə açıq şəkildə bəyan edib ki, əgər Tehran razılaşmaya gəlməsə, onu hərbi hücumla cəzalandıracaq.
İkinci səbəb tərəflər arasında danışıqların formatı ilə bağlı ciddi fikir ayrılıqlarının mövcud olmasıdır.
Üçüncü səbəb kimi Vaşinqton və Tehranın bir-birini rəsmi olaraq tanımaması göstərilir ki, bu da qarşılıqlı etimadı daha da zəiflədir.
Dördüncü səbəb iki ölkənin danışıqlarda ziddiyyətli məqsədlərlə çıxış etməsidir. Hər iki tərəf prosesə fərqli yanaşır və öz maraqlarını irəli sürür.
Beşinci və qəzetin fikrincə, ən mühüm səbəb isə İranda Donald Trampa qarşı dərin qorxu hissinin mövcudluğudur. Bu qorxunun əsas qaynağı isə Trampın prezidentliyi dövründə İran İnqilab Keşikçiləri Qüvvələrinin yüksək rütbəli komandiri Qasım Süleymaninin öldürülməsi ilə bağlıdır. Bu hadisə İranda Trampın qeyri-proqnozlaşdırıla bilən addımlar ata biləcəyi narahatlığını gücləndirib.
“The Guardian” yazır ki, bu amillər fonunda Tehran-Vaşinqton arasında razılığa gəlmək ehtimalı, ən azı yaxın perspektivdə, olduqca zəif görünür.
23:44 12.04.2025
Oxunuş sayı: 1385