Sergey Lavrov Ankaraya səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Ankaraya rəsmi səfər edəcək.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, diplomatik mənbələrin məlumatına görə, o, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüş keçirəcək.
Görüş çərçivəsində iki ölkə arasında ticarət, enerji və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin Ukraynadakı müharibənin diplomatik yollarla ədalətli və davamlı sülhlə başa çatdırılması məsələsinə toxunulacaq. Bu kontekstdə ABŞ və Rusiya arasındakı son təmaslar, eləcə də Türkiyənin bu prosesə töhfələri qiymətləndiriləcək.
Görüşdə Suriya və Yaxın Şərqdəki vəziyyət ətraflı müzakirə ediləcək. Hakan Fidan Suriyanın terror ünsürlərindən tamamilə təmizlənməsi, ərazi bütövlüyü və siyasi birliyinin qorunmasının Türkiyə üçün prioritet olduğunu bildirəcək. O, həmçinin İsrailin Suriyaya qarşı aqressiv siyasətinin qəbuledilməz olduğunu vurğulayacaq və ölkədə sabitliyin təmin edilməsi üçün yenidənqurma işlərinin başlanmasının vacibliyinə diqqət çəkəcək.
Nazir Fidanın, eyni zamanda, Qəzzada atəşkəsin qalıcı olması, humanitar yardımların artırılması və fələstinlilərin zorla köçürülməsinə qarşı olduğunu ifadə edəcəyi gözlənilir. O, Yaxın Şərqdə sülhün yalnız iki dövlətli həll yolu ilə mümkün ola biləcəyini vurğulayacaq.
Qeyd edək ki, Lavrov sonuncu dəfə 18 oktyabr 2024-cü ildə 3+3 Regional Əməkdaşlıq Platforması iclası çərçivəsində Türkiyəyə səfər edib. Hakan Fidan isə Lavrovla sonuncu dəfə fevralın 20-də Yohannesburqda, G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində görüşüb.
Aybəniz Səfərova
15:10 23.02.2025
Oxunuş sayı: 3405