Koqnitiv yükün artmasına nələr səbəb olur? - Psixoloqdan AÇIQLAMA

Bu sözləri Crossmedia.az-a açıqlamasında Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial iş” kafedrasının müəllimi, uzman psixoloq Səbinə Bayramova deyib.
"Müəllimlər, koqnitiv yük nəzəriyyəsinin arxasındakı prinsipləri anlayaraq, yeni fikirləri təqdim etmək üçün istifadə etdikləri yolu optimallaşdırıb, tələbələrin bu fikirləri daha asan anlamaqlarını təmin edə bilərlər", - deyə o əlavə edib.
Uzman psixoloq S.Bayramova koqnitiv yük nəzəriyyəsinin tarixindən də bəhs edib:
"Koqnitiv yük nəzəriyyəsi ilk dəfə 1988-ci ildə New South Wales Universitetində təhsil psixoloqu olan John Sweller tərəfindən ana xətləri ilə müəyyən edilmişdir. Sweller, iş yaddaşı modeli üzərinə əlavə edərək bu modeli inkişaf etdirdi. Bu model uzun müddətli yaddaşın, audial və vizual məlumat gündəlik müşahidələrdən daha çox miqdarda işlənildikdə (və ya təkrarladıqda) inkişaf etdiyini irəli sürür. Sweller, öyrənməni lazımsız şəkildə mürəkkəbləşdirən və ya məlumatı diqqət mərkəzinə almaya çalışarkən diqqəti yayındıran faktorların koqnitiv yükü artırdığına inanır. Koqnitiv yükün artmasının bir nəticəsi olaraq, bir stimulyatora (qıcıqlandırıcıya) diqqət yetirmək, onu təkrarlamaq və xatırlamaq daha da çətinləşir, bu da öyrənməni daha az təsirli hala gətirir.

Koqnitiv memarlığın komponentlərindən biri olan və uzun müddətli yaddaşda saxlanılan zehni strukturlar müəyyən məlumatlara aid bir şəbəkə və ya bir mövzuda istifadə olunacaq elementlərin təsnifatı olaraq təyin edilə bilər. İnsanlar müəyyən problemlərin həllində istifadə etmək üçün müxtəlif zehni strukturlar inkişaf etdirməlidirlər. Zehni strukturların inkişafı nəticəsində iş yaddaşındakı yük azalır. Bu səbəbdən öyrənmə-tədris proseslərinin məqsədi, tələbələrin zehni strukturlarını inkişaf etdirmələrinə kömək etmək olmalıdır".
S.Bayramova Koqnitiv yüklənmənin növləri haqqında danışıb:
"Koqnitiv yük, müəyyən bir zaman çərçivəsində iş yaddaşı tərəfindən istifadə olunan resursları ifadə edir. Ümumiyyətlə, üç növ koqnitiv yükdən bəhs edilir: əsl yük (intrinsic load), mövzudan xaric yük (extranous load/ineffective load) və təsirli yük (germane load/effective load).
Əsl yük, öyrənilməsi çətin olan məzmunla bağlı olaraq iş yaddaşında yüklənmə növüdür. Təqdim olunan məlumat mürəkkəb olduqda əsl yük də yüksək olacaq. İnsanların öyrənməli olduğu bir çox mövzu olduğu üçün ümumiyyətlə əsl yük yüksək olur.
Mövzudan xaric yük, yaxşı dizayn olunmamış tədris materialları və yaxşı olmayan tədris dizaynı nəticəsində iş yaddaşının yüklənməsidir. Dizayn edilmiş öyrənmə mühiti, uyğun olmayanməlumatları və ya məlumatın işlənmə prosesini mənfi yöndə təsir edən digər materialları ehtiva edirsə, mövzudan xaric yük yüksək olacaq. Məsələn, bəzi məlumatlar yazılı şəkildə təqdim edildikdə deyil, bir şəkillə təsvir edildikdə daha yaxşı başa düşülür. Məsələn, Ayın Yerin ətrafındakı orbitası yazılı şəkildə deyil, vizual olaraq təqdim edildikdə daha asan başa düşülür. Bunun üçün Günəş sistemi modeli və ya video istifadə edilə bilər. Günəş sistemi kimi anlayışların vizual təqdimatı, bir abzasın soncümləsini başa düşmək üçün abzasın əvvəlində izah edilən fikirləri yadda saxlamaq məcburiyyətində olmadığınız anlamına gəlir. Beləliklə, yadda saxlamaq əvəzinə bir şəkilə baxaraq bu düşüncələri tez bir zamanda xatırlamaq mümkündür.
Təsirli yük isə zehni strukturların formalaşması və təşkil olunmasını təmin edən proseslərdə
ortaya çıxır. Mövzudan xaric və təsirli yük tədris dizaynından təsirləndiyindən tədris dizaynerlərinin nəzarətindədir. Əsas olan, əsl yük, mövzudan xaric yük və təsirli yükün cəminin iş yaddaşının tutumunu aşmaması və başqa sözlə, həddən artıq koqnitiv yüklənmənin olmaması nəticəsində gözlənilən öyrənmənin reallaşmasıdır. Bu səbəbdən tədqiqatçıların iş və ya dərs mühitlərini dizayn edərkən şəkil, qrafik və animasiyaları necə istifadə etməli olduqlarını koqnitiv yük nəzəriyyəsini nəzərə alaraq incələmələri, öyrənmə proseslərinin təsirli və səmərəli ola bilməsi üçün əhəmiyyətlidir.
Koqnitiv yük nəzəriyyəsi, qeyd edilən üç növ koqnitiv yükləri nəzərə alaraq, fərdlərin məhdud məlumat emalı tutumlarını effektiv şəkildə istifadə etmələrini təmin edəcək təlim üsullarının inkişafı ilə məşğul olur. Koqnitiv yük nəzəriyyəsi, uzun müddətli yaddaşla qarşılıqlı əlaqədə olan, vizual (görmə) və audial (eşitmə/şifahi) məlumatların işlənməsini təmin edən, qismən müstəqil iki kanaldan ibarət və məhdud olan iş yaddaşını əhatə edən koqnitiv memarlığa əsaslanır. Yeni təlim üsullarını inkişaf etdirərək, iş yaddaşının tutumunun effektiv şəkildə istifadə olunmasını təmin etməyi məqsəd götürən koqnitiv yük nəzəriyyəsi, təlim-tədris dizaynı prosesində iş yaddaşı və bu yaddaşın məhdudiyyətlərinə fokuslanmışdır".
Uzman psixoloq fikirlərinin yayınmasına və koqnitiv yüklənmənin artmasına səbəb ola biləcək faktorlardan da bəhs edib:
"Öyrənmə mühitində diqqət yayındıranlar olduqda, bölünmüş diqqət prinsipi dinləyicilərə təsir göstərə bilər. Kinoda birinin telefonundan yayılan işığın diqqətimizi yayındırması kimi, öyrənmə mühitində də diqqət yayındıranlar olduqda diqqətimizi itirə bilərik.
Təlimçilər, dinləyicilərin diqqətini yayındıra biləcək bir stimulu (qıcığı) müəyyən edib aradan qaldıraraq, qarşılaşılan əlavə mövzu xarici koqnitiv yükü azalda bilərlər. Təqdimat edərkən müəllim, tələbələrin diqqətini yayındıra biləcək işarələr və ya plakatların yanında dayanmamağa əmin olmalıdır. Arxa plandakı diqqət yayındırıcı səslərin yeni yaddaşın formalaşmasını maneə törətdiyi müəyyən edildiyindən, əməkdaşlıq edən və sakit bir dinləyici auditoriyası mövzuya aidiyyatsız söhbət təsirindən yayınmağa kömək edərək koqnitiv yükü azalda bilər.
Psixoloq Səbinə Bayramova koqnitiv yüklənməni idarə etməklə bağlı bir çox təkliflər haqqında da danışıb:
1. Məlumatı daha sadə və məşhur formada təqdim etmək, böyük məlumat miqdarının zəifləməsinə səbəb olur.
2. Tapşırıqları daha sadə və dəqiq şəkildə təqdim etmək, öyrənmə prosesini təkmilləşdirir.
3. Öyrənmə prosesini əvvəlki bilik və təcrübə əsasında qurmaq, öyrənməni daha səmərəli edir.
4. Yaxşı yuxu və stressin azalması, zehni resursların daha effektiv istifadəsi üçün vacibdir.
20:00 17.01.2025
Oxunuş sayı: 7906