Zelenski: Ukraynaya iki illik deyil, onilliklər boyu təhlükəsizlik zəmanəti lazımdır
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin təhlükəsizliyinin yalnız ABŞ Prezidenti Donald Trampın hakimiyyətdə olduğu müddətdə deyil, onilliklər ərzində təmin olunmasının vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi Zelenskinin təhlükəsizlik zəmanətləri ilə bağlı açıqlamalarını yayıb.
Jurnalistlərlə söhbətində Ukrayna lideri NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi istiqamətində hələlik konkret mexanizmlərin yazılı şəkildə təqdim olunmadığını bildirib.
Onun sözlərinə görə, belə bir kollektiv müdafiə mexanizminin necə işləyəcəyi və Rusiyanın yenidən hücum edəcəyi təqdirdə tərəfdaş ölkələrin Ukraynanı müdafiə etməyə hazır olub-olmayacağı ilə bağlı çoxsaylı suallar qalır.
“Biz dövlətimizi iki il üçün müdafiə etmirik. Ən azı onilliklər üçün mübarizə aparırıq”, – deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti Donald Tramp və Vladimir Putin arasındakı münasibətlərə də toxunub.
“Putinin Trampla dost olduğu ortaya çıxsa belə, onun iki il ərzində Ukraynaya yenidən hücum etməkdən çəkinməsi bizi qane etmir”, – deyə Zelenski bildirib.
O qeyd edib ki, təhlükəsizlik zəmanətləri ABŞ-də hakimiyyət dəyişikliyindən asılı olmamalı və Ukraynanın uzunmüddətli müdafiəsini təmin etməlidir.
Zelenski Ukraynanın NATO-ya üzvlüyünün Alyansdan kənarda bir milyon nəfərlik ordunun saxlanılmasından daha az maliyyə vəsaiti tələb edəcəyini də bildirib.
Bununla belə, Ukraynanın NATO-ya üzv olub-olmayacağı barədə danışmağın hələ tez olduğunu vurğulayıb. Prezidentin sözlərinə görə, bu məsələ müharibənin nə vaxt və hansı şərtlərlə başa çatacağından asılı olacaq.
16:27 21.11.2026
Oxunuş sayı: 47