Pezeşkian Qərbi Azərbaycanın digər bölgələrdən geri qaldığını etiraf edib
İran Prezidenti Məsud Pezeşkian ölkənin müxtəlif vilayətləri arasında sosial-iqtisadi bərabərsizliyin mövcud olduğunu bildirib və Qərbi Azərbaycan vilayətini buna nümunə göstərib.
Crossmedia.az xəbər verir ki, “Tasnim” xəbər agentliyi bu barədə məlumat yayıb.
Prezident illik kapital bazarı konfransında çıxışı zamanı bölgələr arasında əməkhaqqı və maliyyə imkanlarının qeyri-bərabər bölüşdürülməsinə diqqət çəkib.
Pezeşkian bildirib ki, İslam inqilabından əvvəl mərhum atası Qərbi Azərbaycanda çalışaraq 400 tümən maaş alırdı. Halbuki onun özü yalnız orta təhsil haqqında attestata malik olduğu dövrdə Sistan və Bəlucistan vilayətinin ucqar ərazilərində işləyərək 1800 tümən əməkhaqqı alıb.
Dövlət başçısı bu nümunə ilə bölgələr arasında əməkhaqqı fərqlərinin uzun illərdir mövcud olduğunu vurğulayıb.
Pezeşkianın sözlərinə görə, maliyyə və inzibati resursların əsasən Tehranda cəmləşməsi ölkə daxilində bərabərsizliyi daha da dərinləşdirir.
O qeyd edib ki, paytaxtda çalışan rəhbər şəxslərin daha yüksək maaş və geniş imkanlar əldə etməsi digər vilayətlərdəki mütəxəssislərin Tehrana köçməsinə səbəb olur.
Prezident hesab edir ki, əməkhaqqı sistemində və dövlət resurslarının bölüşdürülməsində ədalətsizlik regionların bərabər inkişafına mane olur.
Pezeşkian ölkənin bütün vilayətlərində iqtisadi imkanların genişləndirilməsinin və resursların daha ədalətli bölüşdürülməsinin vacibliyini vurğulayıb.
14:45 21.11.2026
Oxunuş sayı: 43