ABŞ naziri: İranda hakimiyyət daxilində qarşıdurma başlaya bilər
ABŞ-nin maliyyə naziri Skott Bessent İrana qarşı iqtisadi təzyiqlərin ölkə rəhbərliyi daxilində parçalanmaya səbəb ola biləcəyini və Tehranı yenidən danışıqlar masasına qaytara biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Iran International” nəşri bu barədə məlumat yayıb.
Bessentin sözlərinə görə, Vaşinqtonun tətbiq etdiyi iqtisadi məhdudiyyətlər İran hakimiyyətinə ciddi təzyiq göstərir və yaxın vaxtlarda ölkənin idarəedici strukturları daxilində qarşıdurma yarana bilər.
Nazir İranın mövcud vəziyyətə Yaxın Şərqdə fərq qoymadan hücumlar həyata keçirməklə cavab verə biləcəyini də istisna etməyib.
O, İran rəhbərliyini “yaralı və küncə sıxışdırılmış heyvan”a bənzədərək belə vəziyyətdə Tehranın davranışlarının daha təhlükəli ola biləcəyini vurğulayıb.
Bessent hesab edir ki, iqtisadi təzyiqlər nəticəsində İran daxilində hakimiyyət qüvvələri arasında fikir ayrılıqları dərinləşə, yaxud Tehran danışıqlara qayıtmağa məcbur qala bilər.
ABŞ-nin maliyyə naziri bildirib ki, Vaşinqtonun məqsədi İranı danışıqlar masasına gətirmək və Tehranın özünün də əməl etmək niyyətində olduğu razılaşmanın əldə olunmasına nail olmaqdır.
Qeyd edək ki, Bessentin səsləndirdiyi fikirlər ABŞ tərəfinin İran daxilində mümkün siyasi proseslərlə bağlı qiymətləndirməsidir. Hakimiyyət daxilində qarşıdurmanın başlayacağına dair təsdiqlənmiş məlumat yoxdur.
15:58 21.11.2026
Oxunuş sayı: 56