Enerji bahalaşır, inflyasiya artır: Dünya iqtisadiyyatını nə gözləyir?
Enerji resurslarına tələbatın artdığı, qlobal bazarlarda qiymət və təchizat
risklərinin davam etdiyi bir dövrdə enerji təhlükəsizliyi ölkələrin iqtisadi
siyasətində əsas məsələlərdən birinə çevrilib. Bu şəraitdə enerji istehsalını
artırmaq qədər mövcud resurslardan səmərəli istifadə etmək, israfın qarşısını
almaq və enerji sərfiyyatını azaltmaq da mühüm əhəmiyyət daşıyır. Çünki
enerjiyə qənaət yalnız elektrik və qaz xərclərinin aşağı düşməsi demək deyil,
eyni zamanda istehsalın maya dəyərinə, müəssisələrin rəqabət qabiliyyətinə,
dövlət büdcəsinə və ümumi iqtisadi səmərəliliyə birbaşa təsir göstərir.
Energetika naziri Pərviz Şahbazovun Antalyada keçirilən IEA-COP31 Energetika
Nazirlərinin Dialoqunda səsləndirdiyi fikirlər də qlobal enerji sistemində baş
verən dəyişikliklərin miqyasını göstərir. Nazir elektrikləşmənin enerji
keçidində yeni mərhələ açdığını, bu prosesin enerji istehsalı, elektrik
şəbəkələri və enerji saxlama sistemlərinə paralel investisiyalar tələb etdiyini
vurğulayıb. Bu isə onu göstərir ki, gələcəyin enerji siyasəti təkcə daha çox
enerji istehsal etməkdən ibarət olmayacaq. İstehsal olunan enerjinin necə
paylanması, saxlanması və istehlak edilməsi də həlledici rol oynayacaq.
Azərbaycan kimi enerji resurslarına malik ölkələr üçün bu məsələnin xüsusi
əhəmiyyəti var. Bir tərəfdən, neft və qaz ölkə iqtisadiyyatının mühüm gəlir
mənbəyidir, digər tərəfdən, daxili istehlakda enerji səmərəliliyinin
artırılması həm resurslara qənaət, həm də ixrac potensialının qorunması
baxımından vacibdir. İstehsal müəssisələrində, tikinti sektorunda, nəqliyyatda
və kommunal təsərrüfatda enerji itkilərinin azaldılması iqtisadiyyata əlavə
yükün qarşısını ala bilər. Eyni zamanda, binaların istilik izolyasiyası, müasir
avadanlıqlardan istifadə, ağıllı sayğaclar və səmərəli idarəetmə sistemləri həm
müəssisələrin, həm də ailələrin xərclərini azalda bilər.
Lakin enerji qənaəti yalnız istehlakçılardan qənaət etməyi tələb etməklə
təmin olunmur. Bunun üçün köhnəlmiş infrastrukturun yenilənməsi, elektrik
şəbəkələrində itkilərin azaldılması, alternativ və bərpaolunan enerji
mənbələrinin inkişafı, enerji saxlama imkanlarının genişləndirilməsi və
istehsal proseslərinin modernləşdirilməsi lazımdır. Bu tədbirlər ilkin
mərhələdə ciddi investisiya tələb etsə də, uzunmüddətli perspektivdə iqtisadi
səmərəliliyi artıra bilər.
Digər mühüm məsələ isə enerji qənaətinin iqtisadi artımla münasibətidir. Müəssisələr daha az enerji sərf etməklə eyni həcmdə məhsul istehsal edə bilərlərmi?

Crossmedia.az-a açıqlamasında iqtisadçı
Emin Qəribli bildirib ki, hazırda qlobal inflyasiya dünya iqtisadiyyatını
narahat edən əsas problemlərdən biridir:
“Ayrı-ayrı ölkələr bu problemin qarşısını almaqda çətinlik çəkirlər. Qlobal
inflyasiyanın artmasına səbəb olan amillərdən biri də nəqliyyat xərclərinin
yüksəlməsidir. Nəqliyyat marşrutlarında yaranan problemlər və təchizat
zəncirinin pozulması şirkətlərin xərclərini artırır.
Bu xərclərin artmasının bir neçə səbəbi var. Nəqliyyat və təchizat
prosesində problemlər yarandıqda, qeyri-sabitlik səbəbindən şirkətlər daha
yüksək sığorta xərcləri ödəməli olurlar. Eyni zamanda, yüklərin aylarla, hətta
illərlə müəyyən məntəqələrdə gözləməsi də əlavə xərclərə səbəb olur. Bütün
bunlar son nəticədə məhsulların qiymətinə təsir göstərir.
Digər mühüm amil isə enerji qiymətləri və enerji təminatının
qeyri-sabitliyidir. Müasir avadanlıqların və texnologiyaların əksəriyyəti
enerji tutumludur. Yeni texnologiyalar əvvəlkilərlə müqayisədə daha az enerji
sərf etsə də, onların fəaliyyəti yenə də enerji təminatından ciddi şəkildə
asılıdır. Məsələn, blokçeyn texnologiyaları, kompüter sistemləri və sənaye
proseslərində istifadə olunan müasir avadanlıqlar böyük enerji resursları tələb
edə bilir.
Beləliklə, enerji təminatındakı qeyri-sabitlik də qlobal inflyasiyaya təsir
göstərən əsas amillərdən biridir. Nəqliyyat və təchizat zəncirindəki
problemlərlə yanaşı, enerji sahəsindəki qeyri-sabitlik də dünya iqtisadiyyatı
üçün ciddi çətinliklər yaradır. Düşünürəm ki, bu iki problemin həlli üçün
yalnız ayrı-ayrı ölkələr səviyyəsində deyil, qlobal miqyasda da birgə
tədbirlərin görülməsinə ehtiyac var”.
Məhəbbət Tərlanoğlu
13:50 11.11.2026
Oxunuş sayı: 28