Ukrayna qışa hazırlıq planı hazırlayıb
Ukrayna hökuməti qış mövsümündə enerji təchizatının təmin edilməsi, infrastrukturun qorunması və elektrik enerjisi çatışmazlığı ilə üzləşən əhaliyə yardım göstərilməsi üçün xüsusi plan hazırlayıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə noyabrın 10-da Danimarkada jurnalistlərə açıqlamasında bildirib.
Prezidentin sözlərinə görə, plan enerji sektorunun dayanıqlığının artırılmasını, əlavə dizel yanacağı tədarükünü və körpülərin mühafizəsinin gücləndirilməsini nəzərdə tutur.
“Biz qışı necə keçirəcəyimizə dair plan hazırlamışıq. Bu plan enerji, dizel yanacağı, körpülərimizin möhkəmləndirilməsi, həmçinin elektrik enerjisi ilə bağlı problemlərlə üzləşəcək insanlara necə kömək göstərilməsi məsələlərini əhatə edir”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti hazırlanan planın Şimali Avropa ölkələrindən olan tərəfdaşlara təqdim edildiyini də qeyd edib.
Bununla belə, Zelenski planın həyata keçirilməsi ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.
12:57 11.11.2026
Oxunuş sayı: 36