Azərbaycan COP31-də yeni iqlim hesabatını təqdim edəcək
Azərbaycan Antalyada baş tutacaq COP31-də ikinci şəffaflıq hesabatını təqdim edəcək.
Crossmedia.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbərinin müavini Fərman Qurbanlı bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.
Onun sözlərinə görə, bu hesabatda Azərbaycanda son istixana qazları emissiyaları və milli iqlim hədəflərinə nail olunması üzrə məlumatlar öz əksini tapacaq: "Hədəflərə çatmaq üçün əhəmiyyətli həcmdə beynəlxalq maliyyə dəstəyi, eyni zamanda texnologiya və informasiya mübadiləsi tələb olunur. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və innovativ həllərin tətbiqi prioritet məsələlər sırasındadır. Dövlət səviyyəsində həyata keçirilən bu siyasət həm ekoloji tarazlığın qorunmasına, həm də qlobal iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verəcəkdir".
F. Qurbanlı qeyd edib ki, Azərbaycanın milli iqlim hədəflərində uzunmüddətli inkişaf strategiyasının qısamüddətli hədəflərlə əlaqələndirilməsi nəzərdə tutulan işlərin həyata keçirilməsinə imkan verir: "Universitetlərdə atılan addımlar həm emissiyaların azaldılmasına, həm də dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə imkan yaradır. İqlim dəyişmələrinə uyğunlaşma və ekoloji dayanıqlılığın sosial-iqtisadi planlaşdırmada nəzərə alınması bu yanaşmanın ayrılmaz hissəsidir. Ölkəmizdə son müddətdə təsdiqlənmiş strateji yol xəritələrində və planlarda bu məsələlər öz əksini tapır".
11:54 28.10.2026
Oxunuş sayı: 249