İsraildə hökumətin taleyi ərəb partiyalarından asılı qala bilə
İsraildə parlament seçkilərindən sonra həm Baş nazir Benyamin Netanyahunu dəstəkləyən siyasi qüvvələr, həm də müxalifət ərəb partiyaları ilə koalisiya imkanlarını müzakirə edir.
Crossmedia.az xəbər verir ki, “The Times of Israel” nəşri bu barədə məlumat yayıb.
Birləşmiş Ərəb Siyahısı (Ra'am) Partiyasının lideri Mənsur Abbas bildirib ki, seçkilərdən sonra hər iki siyasi düşərgənin nümayəndələri onunla əlaqə saxlayıblar.
“Bizimlə hamı danışır, təkcə dəyişiklik blokunun nümayəndələri deyil”, – deyə Abbas İsrailin “Channel 12” telekanalına açıqlamasında bildirib.
O, Qadi Ayzenkotun rəhbərlik edəcəyi hökumətdə iştirak etməyə açıq olduğunu, lakin bunun üçün sabit və uzunmüddətli koalisiyanın formalaşdırılmasının vacibliyini vurğulayıb.
Abbasın sözlərinə görə, hazırda hökumət qurmaq üçün kifayət qədər deputat mandatı təmin olunmayıb.
İlkin nəticələrə əsasən, nə Netanyahu tərəfdarları, nə də müxalifət 120 yerlik Knessetdə hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu əldə edə bilib. Bu səbəbdən ərəb partiyalarının mövqeyi koalisiya danışıqlarında mühüm rol oynaya bilər.
Qeyd edək ki, Ra'am Partiyası 2021-ci ildə Naftali Bennett və Yair Lapidin rəhbərlik etdiyi hökumət koalisiyasına qoşulub. Partiya əsasən İsrailin ərəb vətəndaşlarının təhlükəsizlik, mənzil, infrastruktur və sosial-iqtisadi problemlərinin həllinə diqqət yetirir.
2026-cı il seçkilərində Ra'am ayrıca iştirak edib. Partiyanın namizədlər siyahısında ikinci yeri yəhudi əsilli keçmiş yüksəkvəzifəli polis əməkdaşı Yoav Seqaloviç tutub.
12:07 28.10.2026
Oxunuş sayı: 88