Zelenski: Rusiya NATO-nu 1997-ci il sərhədlərinə qaytarmaq istəyir
Rusiyanın NATO-nun 1997-ci ildəki mövqelərinə qayıtması tələbi Avropanın mövcud təhlükəsizlik sistemini dəyişdirmək cəhdidir.
Crossmedia.az xəbər verir ki, UNIAN agentliyi bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına istinadən məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Moskva yalnız öz təhlükəsizliyinə zəmanət verilməsini deyil, həm də NATO və ya ABŞ ilə Avropa və dünya təhlükəsizliyinə dair baxışlarını əks etdirən ayrıca razılaşmanın imzalanmasını istəyir.
Ukrayna Prezidenti hesab edir ki, Rusiyanın tələbləri sadəcə hücum etməmək zəmanətləri ilə məhdudlaşmır, Avropada təsir dairələrinin yenidən bölüşdürülməsini və təhlükəsizlik sisteminin dəyişdirilməsini nəzərdə tutur.
“Onlar deyirlər ki, əgər Ukraynaya təhlükəsizlik zəmanətləri istəyirsinizsə, biz də Rusiya üçün eyni zəmanətləri tələb edirik. Lakin Rusiyanın bununla nəyi nəzərdə tutduğunu anlamaq lazımdır. Bu, sadəcə Ukraynanın Rusiyaya zərbə endirməməsi məsələsi deyil. Onlar üçün bu, daha geniş və spesifik məsələdir”, – deyə Zelenski bildirib.
O vurğulayıb ki, Ukraynadakı müharibə başa çatmadan və Kiyev üçün təhlükəsizlik zəmanətləri müəyyənləşdirilmədən Rusiyanın qlobal təhlükəsizlik tələblərini müzakirə etmək tezdir.
Zelenskinin fikrincə, əvvəlcə müharibənin hansı şərtlərlə başa çatacağı və Ukraynanın təhlükəsizliyinin necə təmin ediləcəyi aydınlaşdırılmalıdır.
Prezident əlavə edib ki, NATO-nun hərbi infrastrukturunun geri çəkilməsi və ya Alyansın hərbi mövcudluğunun azaldılması barədə qərarları yalnız üzv dövlətlər qəbul edə bilər.
“Təhlükəsizlik sahəsində istənilən geri çəkilmə və ya əvvəlki mövqelərdən imtina NATO üçün zəiflik əlamətidir”, – deyə Zelenski qeyd edib.
11:51 28.10.2026
Oxunuş sayı: 124