"Gələcəyin anaları" yoxsa "müasir qadın" - ictimai yerlərdə siqaret müzakirəsi
Azərbaycanda qadınların ictimai yerlərdə siqaret çəkməsi təkcə sağlamlıq deyil, həm də gender münasibətləri və ənənəvi dəyərlər baxımından müzakirə mövzusuna çevrilib. Kişilərin eyni davranışı daha adi qarşılandığı halda, qadınlar bəzən daha sərt ictimai qınaqla üzləşirlər. Ümumdünya Səhiyyə Təşkilatının 2023-cü il məlumatlarına görə, Azərbaycanda 15 yaşdan yuxarı kişilərin təxminən 23,8 faizi, qadınların isə 0,1 faizi siqaret çəkən kimi qiymətləndirilib. Bu fərq fonunda şəxsi seçim azadlığı, cəmiyyətin gözləntiləri və qadınlara münasibətdə ikili standartlar məsələsi diqqət çəkir. Siqaret çəkmək heç bir hüquqi pozuntu deyil. Lakin xanımların ictimai məkanlarda siqaret çəkməsi əsrlərdir formalaşan "Azərbaycan xanımı zərafəti"ni yoxa çıxarır. İctimai yerlərdə bu tipli hərəkətlər gələcəyin analarına necə örnək olacaq?
Fəlsəfə doktoru, sosioloq Kifayət Ağayeva Crossmedia.az-a açıqlamasında qadınların ictimai yerlərdə siqaret çəkməsinə münasibətin gender rolları, şəxsi azadlıq və ənənəvi dəyərlərlə bağlı olduğunu bildirib.

Sosioloq qadınların ictimai həyatda fəallığının artmasının və fərdi seçim azadlığına verilən önəmin bu məsələyə təsirini belə izah edib: “Qadınların təhsil, əmək bazarı və ictimai həyatda fəallığının artması onların gündəlik davranışlarında da daha sərbəst olmasına şərait yaradır. Bir çoxları siqaret çəkməyi şəxsi seçimlərinin bir hissəsi hesab edir. Şəhər həyatı, sosial mühit, filmlər, seriallar və sosial şəbəkələrdə təqdim olunan müasir qadın obrazları da bu davranışların daha çox görünməsinə təsir göstərir. Bununla belə, görünürlüyün artması siqaret çəkən qadınların sayının mütləq çoxalması demək deyil”.
Kifayət Ağayeva cəmiyyətin münasibətindəki fərqlərə diqqət çəkərək qeyd edib: “Ənənəvi və mühafizəkar mühitlərdə qadının siqaret çəkməsi ailənin nüfuzu və ictimai qəbul meyarları ilə əlaqələndirilir. Kişinin eyni davranışı adi qarşılandığı halda, qadın daha sərt qınaqla üzləşə bilər. Bu, gender əsaslı ikili standartların göstəricisidir. Digər tərəfdən, şəxsi azadlığı əsas götürən yanaşmaya görə, yetkin insanın seçimlərinə cinsinə görə fərqli münasibət göstərilməsi düzgün deyil. Nəsillər və dəyərlər arasındakı fərqlər də bu məsələyə münasibətdə özünü göstərir”.
Sosioloqun fikrincə, məsələyə yalnız qadın və kişi bərabərliyi və ya şəxsi seçim çərçivəsində yanaşmaq kifayət deyil. O, sağlamlıq və ictimai məsuliyyət amillərinin də nəzərə alınmalı olduğunu vurğulayıb: “Əsas diqqət cinsə deyil, tütünün sağlamlığa vurduğu zərərə və ətrafdakı insanların təmiz hava hüququna yönəlməlidir. Şəxsi azadlıq başqalarının hüquqlarını pozmamaq prinsipi ilə uzlaşmalıdır. İnsanları yalnız cinsinə və ya vərdişlərinə görə mühakimə etmək əvəzinə, məsələyə şəxsi seçim, sağlamlıq və qarşılıqlı hörmət kontekstində obyektiv yanaşmaq lazımdır”.
Nigar Xəlilli
12:00 28.10.2026
Oxunuş sayı: 338