Bank kredit vermirsə, pensiya kapitalınızdan istifadə edə bilərsiniz - yeni qərar müzakirədə
İllərlə çalışan və əməkhaqqından məcburi sosial sığorta haqqı ödəyən vətəndaşın fərdi hesabında pensiya kapitalı formalaşır. Bu vəsait gələcəkdə əmək pensiyasının hesablanmasında əsas göstəricilərdən biri kimi çıxış edir və vətəndaşın əmək fəaliyyəti dövründə yığılır. Lakin pensiya kapitalının yalnız gələcək pensiya təminatında deyil, hazırkı maliyyə ehtiyaclarının qarşılanmasında da istifadə edilə bilməsi məsələsi zaman-zaman müzakirə olunur. Xüsusilə bank kreditlərinə çıxış imkanları məhdud olan şəxslər üçün fərdi hesabda toplanan vəsaitin müəyyən formada maliyyə təminatına çevrilməsi alternativ imkan yarada bilər. Bu halda əsas sual pensiya kapitalının vətəndaşın sərbəst sərəncamında olan vəsaitə çevrilməsi deyil, onun kredit münasibətlərində hansı hüquqi mexanizmlə təminat kimi istifadə oluna bilməsidir.
Belə bir model tətbiq edilərsə, bir tərəfdən vətəndaşların maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, digər tərəfdən isə uzunmüddətli vəsaitlərin iqtisadi dövriyyəyə cəlb olunması mümkün ola bilər. Ancaq pensiya kapitalının mahiyyəti adi əmanət və ya bank hesabındakı sərbəst vəsaitdən fərqləndiyi üçün burada hüquqi və maliyyə riskləri də nəzərə alınmalıdır. Kreditin qaytarılmaması, faiz yükü, inflyasiya, borcalanın pensiya yaşına çatmadan vəfat etməsi və gələcək pensiyanın azalması kimi hallar belə mexanizmin əsas müzakirə mövzularından ola bilər. Bəs Azərbaycanda vətəndaşın pensiya kapitalından kredit üçün istifadə etməsi mümkündürmü və belə bir sistem yaradılarsa, hansı şərtlərlə daha təhlükəsiz ola bilər?
Mövzu ilə bağlı iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir Crossmedia.az-a açıqlamasında bildirib ki, vətəndaşların fərdi hesablarında toplanan pensiya kapitalından kreditə alternativ maliyyə mənbəyi kimi istifadə edilməsi məsələsi aktualdır:

"Azərbaycanda mövcud hüquqi rejim çərçivəsində vətəndaşın fərdi hesabında əks olunan və məcburi sosial sığorta haqları hesabına formalaşan pensiya kapitalını girov qoyaraq birbaşa bank krediti götürməsi mümkün deyil. Çünki belə bir mexanizm mövcud qanunvericilikdə nəzərdə tutulmayıb. Hazırkı sistemdə pensiya kapitalının əsas funksiyası gələcək əmək pensiyasının hesablanmasıdır və o, sərbəst kredit təminatı kimi çıxış etmir”.
Professor qeyd edib ki, Azərbaycanda pensiya kapitalı adi bank depoziti və ya vətəndaşın sərbəst şəkildə sərəncam verə bildiyi şəxsi vəsait kimi qəbul edilmir: “Fərdi hesabın sığorta hissəsində formalaşan pensiya kapitalından əmək pensiyasının sığorta hissəsinin hesablanması məqsədilə istifadə olunur və onun digər məqsədlər üçün istifadəsi nəzərdə tutulmayıb. Həmin kapitalın vətəndaşa və ya onun ailə üzvlərinə birdəfəlik ödənilməsi mexanizmi də mövcud deyil”.
Ekspertin fikrincə, gələcəkdə belə bir mexanizmin yaradılması mümkün ola bilər: “Bunun reallaşdırılması üçün həm mövcud pensiya qanunvericiliyinin, həm də kredit münasibətlərini tənzimləyən hüquqi normaların nəzərdən keçirilməsi zəruridir. Eyni zamanda, pensiya kapitalının hüquqi statusunu, ona tələb yönəldilməsi imkanlarını, vərəsəlik məsələlərini, borcalanın pensiya yaşına çatmadan vəfat etməsi və ya işsiz qalması hallarını, eləcə də gələcək pensiyanın minimum səviyyəsinin qorunmasını tənzimləyən ayrıca mexanizmin yaradılması vacibdir”.
Ekspert qeyd edib ki, iqtisadi baxımdan pensiya kapitalı əsasında kreditləşmə müəyyən üstünlüklər yarada bilər: “Belə mexanizm vətəndaşların maliyyə resurslarına çıxışını genişləndirə bilər. Xüsusilə bank kreditlərinə çıxışı məhdud olan şəxslər üçün pensiya kapitalının müəyyən hissəsindən istifadə əlavə maliyyə aləti rolunu oynaya bilər. Bununla yanaşı, belə mexanizmin tətbiqi maliyyə sektorunda yeni məhsulların yaranmasına və uzunmüddətli vəsaitlərin iqtisadi dövriyyəyə cəlb edilməsinə şərait yarada bilər. Lakin burada əsas risk vətəndaşların gələcək pensiya təminatının zəifləməsi ilə bağlıdır. Pensiya kapitalının bir hissəsinin kredit məqsədilə istifadə edilməsi gələcək pensiya ödənişlərinin azalmasına səbəb ola bilər. Digər tərəfdən, kreditin qaytarılmaması, faiz yükü və inflyasiya kimi amillər həm vətəndaşın maliyyə vəziyyətinə, həm də pensiya sisteminin dayanıqlılığına təsir göstərə bilər. Buna görə də kredit məbləğinin pensiya kapitalına nisbəti, faiz dərəcələri və borcun qaytarılması şərtləri xüsusi diqqətlə müəyyənləşdirilməlidir. Daha təhlükəsiz yanaşma pensiya kapitalının birbaşa vətəndaşa verilməsi əvəzinə, onun kredit üçün məhdud təminat kimi istifadə edilməsidir. Ekspert vurğulayıb ki, vətəndaşın bütün pensiya kapitalının girov qoyulması əvəzinə, məsələn, yalnız onun müəyyən hissəsinin kredit limitinin hesablanması zamanı nəzərə alınması daha idarəolunan model ola bilər.
“Pensiya kapitalından kredit götürülməsi hüquqi və iqtisadi baxımdan müzakirə edilə bilən, lakin ciddi tənzimləmə tələb edən maliyyə mexanizmidir. Bu mexanizmin səmərəliliyi kreditə çıxışın genişləndirilməsi ilə vətəndaşların gələcək pensiya hüquqlarının qorunması arasında düzgün balansın yaradılmasından asılı olacaq”, - deyə professor qeyd edib.
Zeynəb Həsən
15:30 23.09.2026
Oxunuş sayı: 54