Avropa Paşinyanı ələ alır - sülh mükafatının mənası nədir
Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropada sülh mükafatı ilə təltif olunması regionda gedən sülh prosesini yenidən gündəmə gətirib. Paşinyana 2026-cı il Hessian Sülh Mükafatının verilməsi qərarı avqust ayında elan edilib. Mükafatın sentyabrın 18-də Almaniyanın Hessen əyalətinin parlamentində təqdim olunması nəzərdə tutulur. Hessen Landtaqının məlumatına görə, mükafat Paşinyanın Cənubi Qafqazda sülh səyləri, demokratik institutların inkişafı və Avropa İttifaqı ilə yaxınlaşma siyasəti ilə əlaqələndirilir. Maraqlıdır ki, əgər Paşinyan və ümumilikdə Ermənistan sülhü bu qədər sevir və dəstəkləyirdilərsə, Qarabağ məsələsinin həlli nə üçün bu qədər uzandı. Və ümumilikdə danışıqlara, görüşlərə baxıldıqda da aydın şəkildə görünür ki, regionda sülhü təşviq edən, dəstəkləyən və siyasətini sülh istiqamətində quran Azərbaycandır. Bəs bu mükafat özündə hansı gizli mənaları, proqnozları gizlədir? Paşinyanın Ermənistanı qərbə inteqrasiya etməsi hansı nəticəni verəcək?
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlamasında bildirib:
“Ermənistan suveren ölkə olduğuna və nisbətən müstəqil siyasət yürütmək istədiyinə görə istənilən ölkəyə səfər edə bilər. Əgər bu gün Ermənistan öz ənənəvi xarici siyasətini dəyişirsə, bütün istiqamətlərdə ata biləcəyi addımları gözləmək lazımdır. Ermənistan Rusiyanın ənənəvi təsirindən uzaqlaşmağa çalışırsa, Avropa İttifaqı və ayrı-ayrı Avropa ölkələri ilə yaxınlaşmaq cəhdləri normaldır. Eyni zamanda, Ermənistan blokadadan çıxmağa cəhd göstərir; özünün 30 illik təcavüzkarlıq dövründə, öz ucbatından məruz qaldığı blokadanın ziyanlarını aradan qaldırmaq istəyir. Çalışır ki, dünya ilə açıq bir siyasət aparsın. Bu şəraitdə Paşinyanın Avropada özünə yeni müttəfiqlər axtarması da başa düşüləndir. Lakin Avropa ölkələrinin Paşinyana — Ermənistan liderinə məhz indiki şərtlər çərçivəsində geniş qucaq açmasının özü bir az təəccüblü görünür. Çünki xüsusilə də ona sülh mükafatının təqdim olunması, ən azı indiki şərtlər çərçivəsində, çox qəribə görünür. Ermənistan hələ Azərbaycanla sülh sazişi imzalamayıb. Sülh sazişinin imzalanmasına sadiq olduğunu vurğulasa da, bu yolda lazım olan addımların hamısını hələ zamanında atmır. Bir sıra zəruri şərtlər var ki, sülh sazişinin imzalanması üçün Ermənistan tərəfindən bu addımlar mütləq atılmalıdır.

Belə bir şəraitdə, yəni sülh sazişinin imzalanması üçün Ermənistan daxilində zəruri olan addımların atılmadığı bir vaxtda, ona dünya miqyasında, Avropada sülh mükafatlarının təqdim olunması ikibaşlı rol oynaya bilər. Əgər onlar düşünürlərsə ki, belə addımlar Ermənistanı sülh siyasətinə daha çox təşviq edəcək, bunun tərsi də mümkündür: Ermənistan bundan istifadə edərək sülh sazişinin imzalanmasını gecikdirə bilər. Ona görə də Avropa ölkələri Ermənistan rejiminə sülh mükafatlarını təqdim etməkdə ehtiyatlı olmalıdırlar. Bu, bölgəmizdəki sülh prosesini heç də həmişə sürətləndirməyə bilər”.
Zeynəb Həsən
16:00 18.09.2026
Oxunuş sayı: 46