Azərbaycanla Ermənistan arasında münasibətlər son bir ildə sülh və sabitlik dövrünə qədəm qoyub. Lakin bu sabitlik Ermənistan daxilində olan radikalların və onlara kənardan dəstək verən böyük güclərin marağına ziddir. Onlar vəziyyəti gərginləşdirməyə necə deyərlər “bulanıq suda balıq tutmağ”a çalışır, bunun üçün də əllərindən gələni əsirgəmirlər.
İki dövlət arasında münasibətlərdə hərbi qarşıdurma mərhələsinin başa çatmasından sonra mübarizənin mühüm istiqamətlərindən birinin informasiya və diplomatik müstəviyə keçdiyi artıq aydın görünür. Radikallar və onların havadarları məhz bu platformada üstünlük qazanmağa, Azərbaycanı daim psixoloji basqı altında saxlamağa çalışırlar. Belə ki, sentyabrın 4-də İrəvanda keçirilən mətbuat konfransında erməni hüquq müdafiəçisi Siranush Sahakyanın Azərbaycanda saxlanılan ermənilərlə bağlı səsləndirdiyi dini ayrı-seçkilik, işgəncə, xristian simvollarının məhv edilməsi, Bibliyadan istifadəyə imkan verilməməsi və Quran oxumağa məcbur edilmə kimi iddialar da bu kontekstdə qiymətləndirilməlidir. Bundan əvvəl də separatçı Ruben Vardanyanın həyat yoldaşı da Azərbaycana qarşı müəyyən əsassız ittihamlar səsləndirmişdi.
Bəllidir ki, bu qərəzli ittihamların məqsədi sülh danışıqlarını pozmağa yönəlib. İşgəncə və digər məsələlər tamamilə uydurmadır. Çünki Milli Preventiv Qrupun müxtəlif vaxtlarda keçirdiyi monitorinqlər zamanı Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə konfidensial görüşlər keçirilib, onların tibbi və psixoloji vəziyyəti qiymətləndirilib və hüquqları barədə məlumat verilib.
Məsələnin mahiyyəti isə yalnız bir hüquq müdafiəçisinin dedikləri ilə məhdudlaşmır. Burada başqa məqamlar var. Bu cür saxta iddiaları dövriyyəyə buraxanların məqsədi hüquqi və humanitar məsələlər deyil. Onlar bu üsullarla həmin məhkum edilmiş ermənilərin statusunu dəyişdirmək, Azərbaycanı beynəlxalq miqyasda hədəfə gətirmək, davamlı psixoloji basqı altında saxlamaq, diktə edən tərəfə çevrilmək, bununla da istəklərinə nail olmağa çalışırlar.
Məhkum edilən ermənilərin hüquqi statusu ilə manipulyasiya edilir
İlk olaraq bu məsələdə diqqət edilməli olan məsələ məhkum edilən ermənilərin hüquqi statusudur. Belə ki, 2026-cı il fevralın 5-də Bakı Hərbi Məhkəməsi Ermənistan vətəndaşları olan bir sıra keçmiş separatçı rejim rəhbərləri və digər şəxslər barəsində hökmlər çıxarıb. Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum edilib. Yaşı nəzərə alınaraq Arkadi Qukasyan və Bako Saakyan 20 il, digər şəxslər isə 15 ildən 19 ilədək müddətlərə azadlıqdan məhrum ediliblər. Məhkəmənin açıqlamasına görə, ittihamlar sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi və digər ağır cinayətlərlə bağlı olub. Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsi həmin şəxslərin apellyasiya şikayətlərinə baxılmasını başa çatdıraraq birinci instansiya məhkəməsinin hökmlərini dəyişdirməyib.
Ruben Vardanyanla bağlı isə ayrıca məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsi 17 fevral 2026-cı ildə onu 20 il müddətinə azadlıqdan məhrum edib. İrəli sürülən ittihamlar arasında sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi də yer alıb.
Bu faktlardan sonra mənzərə bizim üçün tam aydınlaşır. Beləliklə burada söhbət yalnız “ermənilərin həbs edilməsindən” getmir. Söhbət konkret olaraq Azərbaycan Respublikasına və Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərdən gedir. Bu şəxslər etnik və dini kimliklərinə görə mühakimə olunmayıblar. Onlar törətdikləri ağır cinayətlərə görə ittiahm olunublar və mühakimə ediliblər. Məhkəmə prosesi zamanı onların təqsiri sübuta yetirilib: cinayət məsuliyyəti şəxsin etnik və ya dini mənsubiyyəti ilə deyil, törətdiyi əməlin xarakteri, sübutlar və məhkəmənin hüquqi qiymətləndirməsi ilə müəyyən olunur.
Ermənilərin qaldırdıqları hay-küyə diqqət yetirdikdə burada konkret faktların olmadığının şahidi oluruq. “İşgəncə”, “dini təqib”, “xristian simvollarının yandırılması”, “dini etiqada məcburetmə” kimi ifadələr çox ağırdır. Erməni tərəfi bu iddiaların BMT hesabatlarında əksini tapdığını desələr də beynəlxalq hesabatlarda bu məqamlara rast gəlinmir. Beləliklə iddiaların reallıqda təsdiqini tapmadığını görürük. Sübuta yetirilmiş məsələləri bir kənara qoyub etnik və dini kimlik mövzularını qabartmaq manipulyasiya cəhdidir, mövzunu siyasiləşdirməyə çalışmaqdır.

Beynəlxalq təşkilatları öz manipulyasiyalarına alət etmək cəhdi iflasa uğrayır
Beynəlxalq Qırmızı Xaç Komitəsinin 2026-cı ilin aprelindəki məlumatına görə, təşkilatın Azərbaycan nümayəndəliyinin fiziki fəaliyyəti 2025-ci ilin sentyabrında başa çatıb, lakin qurum Azərbaycan hakimiyyəti ilə humanitar məsələlər və beynəlxalq humanitar hüquq çərçivəsində dialoqu davam etdirir. Təşkilat həmçinin bildirir ki, 2025-ci ilin dekabrında Cenevrədən gəlmiş nümayəndələr konfliktlə əlaqəli saxlanılan şəxslərə baş çəkiblər. Təşkilat nümayəndələrinin saxlanılan şəxslərlə təkbətək görüşdüyü, onların müalicə və saxlanma şəraitini qiymətləndirdiyi, ailələri ilə əlaqə yaratmaq imkanları verdiyi bildirilib. BQXK bu görüşlərin nəticələrini Azərbaycan hakimiyyəti ilə məxfi şəkildə paylaşdığını da qeyd edib.
Digər məqam Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (CPT) Azərbaycanda fəaliyyətidir. CPT 2025-ci il sentyabrın 22-dən oktyabrın 3-dək Azərbaycanda genişmiqyaslı dövri səfər həyata keçirib. Komitə DİN, DTX və Ədliyyə Nazirliyinin tabeliyində olan bir sıra saxlanma və penitensiar müəssisələrə baş çəkib, saxlanılan şəxslərlə rəftar və saxlanma şəraitini araşdırıb.
Bu faktlar bizim üçün çox əhəmiyyətlidir. Saxlanılan şəxslərlə bağlı erməni və beynəlxalq ictimaiyyətdə düzgün rəyin formalaşmasında Avropa Şurasının da, BQXK-nin rolu müstəsna əhəmiyyət daşıyır. Erməni radikallar qaldırdıqları hay-küylə Azərbaycanı nəzarətsiz və beynəlxalq müşahidədən kənarda qalan bir həbsxana kimi təqdim etmək istəyirlər. Azərbaycanın Avropa Şurası, BQXK və digər beynəlxalq qurumlarla bu sahədəki uğurlu əməkdaşlığı onların əlindən bu saxta arqumentləri də almış olur.
Beləliklə erməni tərəfinin AŞ-ni və BQXK-ni bu çirkin siyasi oyunlarına alət etmək cəhdi də iflasa uğramaqdadır.

Bu mövzuların məhz indi Ermənistanda gündəm olmasının səbəbi nədir?
Azərbaycan və Ermənistan sülh prosesində mühüm nəticələr əldə ediblər. 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətni paraflanıb. Dünyanın aparıcı dövlətləri, təşkilatları, o cümlədən Avropa İttifaqı bu hadisəni yüksək qiymətləndirib. Açıqlamalarda ərazi bütövlüyü və suverenlik də xüsusi vurğulanıb. Artıq tərəflər sərhədlərin delimitasiyası, regional kommunikasiyalar, ticarət və digər praktiki əlaqələrin inkişafını da müzakirə ediərək əməli addımlar atmaqdadırlar. Anlaşılandır ki, bu məqam erməni radikallarını, onların xaricdəki dəstəkçilərini narahat edir və narazı salır.
Belə bir şəraitdə Qarabağ mövzusunun yenidən “xristianlara qarşı dini təqib” kimi təqdim edilməsi Ermənistanın bəzi dairələri üçün siyasi vasitəyə çevrilə bilər. Bununla da bu mövzunu qabardanlar məhkum edilmiş şəxslərin cinayət məsuliyyətindən daha çox onların “erməni”, “xristian” və “siyasi məhbus” obrazında təqdim edilməsinə, sülh prosesinin gedişatında hüquq pozuntuları tapdıqlarını iddia edərək Azərbaycanın beynəlxalq təzyiqə məruz qalmasına, Ermənistan daxilində Qarabağ məsələsinin tam bağlanmasının qarşısının alınmasına nail olmağa çalışırlar.
Amma bu taktika Ermənistanın özünə də problem yarada bilər. Sülhdən danışan, sülh sazişi imzalamaq istəyini dilə gətirən Ermənistanın belə iddialarla çıxış etməsi etimad mühitini sarsıda və prosesə ciddi zərbə ola bilər. Tərəflərin xalqlar arasında etimad mühiti yaratmağa çalışdığı bir vaxtda köhnə düşmənçilik narrativlərinin yaşadılması ümumi prosesə ciddi zərbə vura bilər.
Azərbaycanın bundan sonra atmalı olduğu addımlar
Bundan sonrakı proseslərdə bəyanatlar verməklə yanaşı sistemli hüquqi-kommunikasiya strategiyasına ehtiyac var. Əvvəla faktlar sənədləşdirilməlidir. Bununla yanaşı beynəlxalq müşahidə mexanizmlərinin tətbiqindən daha tez-tez istifadə olunmalıdır. Digər mühüm məqam dini məsələlərin siyasiləşdirilməsinə qətiyyən yol verilməməlidir. Konkret hüquqi iddia varsa o da konkret hüquqi faktla cavablandırılmalıdır. Beynəlxalq və ictimai rəyə təsir imkanı olan media ilə daha geniş şəkildə çalışmalar həyata keçirilməlidir. Onlara daha çox faktlar və sənədləşdirilmiş materiallar təqdim edilməlidir.
Azərbaycanda dini və etnik kimliyə görə heç kim təqib olunmur. Cinayət törətmiş şəxs etnik və dini mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında cavab verir. Hüquq pozuntusu barədə konkret sübut varsa, o araşdırıla bilər. Amma sübutsuz ittihamların sülh prosesinə qarşı siyasi alətə çevrilməsinə imkan verilməməlidir. Əslində, Azərbaycanın ən böyük üstünlüyü də buradadır. Çünki Azərbaycan məsələnin dini müstəviyə keçirilməsinə imkan vermədən onu yenidən hüquq, fakt və ədalət müstəvisinə qaytara bilir. Ermənistanın yeni kampaniyası məhz burada öz təsir gücünü itirir.
Sülh prosesini qorumağın yolu keçmişin bütün ağrılı məsələlərini unutmaq deyil. Yol həmin məsələləri emosional və dini qarşıdurma vasitəsinə çevirmədən hüquq və faktlar əsasında həll etməkdir.