Kimin uşağı olsa pul mükafatı alacaq
Sinqapurda doğum səviyyəsinin kəskin aşağı düşməsi hökuməti ailələrə göstərilən maliyyə dəstəyini genişləndirməyə vadar edib. Yeni modelə əsasən, hər uşaq üçün doğumdan 17 yaşadək ümumilikdə təxminən 70 min Sinqapur dollarına qədər dövlət dəstəyi nəzərdə tutulur. Məqsəd ailələrin üzərinə düşən maddi yükü azaltmaq və cütlükləri daha çox uşaq sahibi olmağa təşviq etməkdir. Azərbaycanda da doğum səviyyəsi və əhalinin təbii artımındakı dəyişikliklər demoqrafik siyasətin əsas müzakirə mövzularından birinə çevrilib. Sinqapurun tətbiq etdiyi bu model Azərbaycanda ailələrə dövlət dəstəyinin artırılması baxımından da diqqət çəkir.
Sosioloq Əhməd Rəhmanov Crossmedia.az-a açıqlamasında belə bir modelin Azərbaycanda tətbiqinin mümkünlüyünü şərh edib: “Azərbaycanda bu modeli həyata keçirmək üçün dövlət ilk növbədə vətəndaşa olan münasibət dəyişməlidir. Burada kimsə kiməsə pul ödəməkdən və ya yardım göstərməkdən söhbət getmir. Məsələ ümumilikdə vətəndaşa olan münasibətdən gedir. Bu gün Azərbaycanda dövlətin vətəndaşa münasibəti daha çox vergi ödəyicisinə olan münasibət xarakteri daşıyır”.
Sosioloq vurğulayıb ki, vətəndaş anlayışı yalnız vergi öhdəlikləri ilə məhdudlaşmır və dövlətlə daha geniş hüquq və məsuliyyət münasibətlərini əhatə edir: “Vətəndaş o şəxsdir ki, bu dövlətdə tamhüquqlu subyektdir. Dövlətin bütün xeyrinə və zərərinə, yəni dövlətin gəlirinə və itkilərinə şərik olan şəxsdir. Bu baxımdan, Azərbaycanda vətəndaşa münasibət vergi ödəyicisinə münasibətdən fərqlənməlidir”.

Ə.Rəhmanovun sözlərinə görə, dövlət-vətəndaş münasibətlərində bu yanaşma dəyişərsə, yeni sosial modelin tətbiqi də daha real və effektiv ola bilər: “Bu modelin və ya vətəndaşa müəyyən ödənişlərin həyata keçirilməsi üçün ilk növbədə dövlətin vətəndaşa münasibəti dəyişməlidir. Bu münasibət dəyişərsə, belə bir modelin Azərbaycanda tətbiqi uğurlu nəticə verə və həyata keçirilə bilər. Əks halda, bu yanaşmanın effektiv nəticə verməsi çətin olacaq”.
Nigar Xəlilli
20:50 25.08.2026
Oxunuş sayı: 41