Azərbaycanın tanınmış yazıçılarından olan Elxan Elatlının son romanı "Ölümsüz qətl"-in təqdimatı olub. “Libraff” kitab mağazasında baş tutan təqdimatda oxucular üçün imza günü də təşkil olunub. İmza günündə 150-dən çox oxucu iştirak edib.
Crossmedia.az xəbər verir ki, təqdimat zamanı çıxış edən Elxan Elatlı oxucuların ona ünvanladığı suallara cavab verib. O, həmçinin "Susan qadın" adlı romanı üçün yeni bir film hazırlandığını, hətta aktyorların belə seçildiyini bildirib.
Ədib romanlardan təsirlənən bir çox oxucu olduğunu deyərək başına gəlmiş maraqlı hadisələrdən danışıb.
Tədbirdə yazıçının əsərlərinə gənc nəsil başda olmaqla hər yaş qrupundan insanın maraq göstərməsi diqqət çəkib. Ədibin xüsusi ilə azyaşlı uşaqlara göstərdiyi qayğı da gözlərdən yayınmayıb. Kitabların imzalanması zamanı oxucuların simasındakı gülümsəmə bu anın onlar üçün necə unudulmaz olduğunu göstərib.
Sonda Elxan Elatlı dəyərli vaxtlarını ayırıb təqdimatda iştirak edən hər bir oxucuya təşəkkürünü bildirib.
Emil Nağızadə