Siyasi

Hakim “Vətəndaş müqaviləsi” partiyasının sədr müavini, iqtisadiyyat naziri Gevorq Papoyanın açıqlamasına əsasən, Ermənistan-Azərbaycan danışıqları müsbət istiqamətdə irəliləməkdədir və onun fikrincə, bu proses sülh sazişi ilə nəticələnə bilər. Bu, tərəflər arasında qarşılıqlı anlaşmanın güclənməsi və davamlı sülh üçün ümumi bir zəminin formalaşması anlamına gəlir. Lakin uzun müddətdir davam edən münaqişənin həllində əsas çətinliklər və fərqli mövqelər qalmaqdadır. Belə bir şəraitdə, danışıqların nə qədər davamlı sülhə aparacağı və hər iki tərəfin ortaq maraqlarını təmin edəcək bir nəticəyə gəlib-gəlməyəcəyi sual doğurur.

“Ermənistan rəhbərliyində təmsil olunan siyasilər mütəmadi olaraq sülh prosesində irəliləyişlərlə bağlı fikirlər səsləndirir. Amma real mənzərə ondan ibarətdir ki, Ermənistanın tutduğu mövqe sülh prosesinə əngəl yaradan başlıca səbəbdir”.

Bu fikirləri Crossmedia.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib:

“Ortada konkret və aydın bir mənzərə var. Azərbaycan tələbi Ermənistanın bölgədə dayanıqlı sülhün əldə olunması üçün konstitusiyasını dəyişməsi, separatçı müddəaların aradan qaldırılması, eyni zamanda bölgədə sadəcə pozucu fəaliyyətlə yadda qalan və yenə də bu fəaliyyəti davam etdirmək istəyən, faktiki mövcud olmayan ATƏT-in Minsk qrupunun de-yure ləğvinə razılıq verməsidir. Göründüyü kimi, Ermənistan bu tələbləri yerinə yetirmir, eyni zamanda Azərbaycana qarşı absurd və Azərbaycanın heç bir halda qəbul etməyəcəyi əks şərtlər irəli sürür ki, bu da sülh prosesini əngəlləyən başlıca amillərdəndir. Əlbəttə, burada Ermənistan öz himayədarlarına, xüsusilə Qərb dövlətlərinə sığınaraq bu addımı atır və burada məqsəd Azərbaycana qarşı Qərbin simasında beynəlxalq təzyiq kartları formalaşdırmaq və beləliklə də sülh prosesində öz maraqlarını həyata keçirməyə çalışmaqdır. Azərbaycan bu prosesləri çox yaxşı oxuyur və Azərbaycanın indiki mövqeyi bölgədə sülhün və stabilliyin dayanıqlığını təmin edən və uzaq perspektivə hesablanan hədəflərdən ibarətdir. Bu da Ermənistanın Konstitusiyasında olan separatizm meyllərinin aradan qaldırılması, eyni zamanda, üçüncü qüvvələrin eskalasiya riskləri formalaşdıraraq bölgəyə daxil olmaq istəyidir ki, Azərbaycanın irəli sürdüyü şərtlər bu problemləri tamamilə aradan qaldırır. Düşünürəm ki, Azərbaycanın kifayət qədər aydın və prinsipial mövqeyini Ermənistan tərəfi qəbul etməyəcəyi halda sülh sazişinin imzalanması mümkünsüzdür. Əlbəttə, sülh prosesinin uzanmasında uduzan tərəf Ermənistandır. Ona görə də Azərbaycan tərəfi kifayət qədər təmkinli davranır. Hesab edirəm ki, rəsmi Bakının mövqeyi tamamilə doğrudur və uzaq perspektiv hesablanıb”.

Günəş

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il