Mədəniyyət

Azərbaycan kino tarixi milli mədəniyyətin inkişafında mühüm mərhələlərdən biridir. İlk sənədli və bədii filmlərlə başlayan bu tarix, zamanla Azərbaycan kinosunun qızıl dövrünü yaratdı və onu dünya səviyyəsində tanınan sənətə çevirdi. İllər ərzində Azərbaycan filmləri həm sosial mövzulara, həm də milli və tarixi dəyərlərə toxunaraq zəngin irs qoymuşdur. Bu inkişaf mərhələləri Azərbaycan kinosunun müasir dünya kinosunda öz yerini tapmasına imkan yaratmışdır. Azərbaycan kino tarixində inkişaf dövrü hesab olunan dövr hansıdır və bu dövrün xüsusiyyətləri nələrdir?

Crossmedia.az-a açıqlamasında kinoşünas Aygün Aslanlı bu sualı belə cavablandırıb:

“Azərbaycan kino tarixində 1930-cu illər, yəni Sovet hakimiyyətinin qurulduğu 20-40-cı illər arasındakı dövrü qızıl dövr adlandırmaq olar. Bu dövrdə çəkilən diqqətəlayiq filmlərdən biri Səməd Mərdanov və Boris Barnetin birgə hazırladığı "Mavi Dənizin Sahilində" filmidir. Bu film məşhur kinoşünas Naun Klemanın tərtib etdiyi ən yaxşı filmlər siyahısında yer alır. "Mavi Dənizin Sahilində" filmi həm də səsli kinonun yarandığı dövrdə çəkilib. Həmin illərdə Azərbaycan kino sənayesində yeni yerli kadrlar və müəlliflər meydana çıxmağa başlayırdı.

1960-70-ci illərdə isə dünyada yeni kino cərəyanları formalaşmağa başlamışdı və bu, Azərbaycan kinosuna da təsirini göstərirdi. Neorealizm dalğası Azərbaycan kinosunda yeni nəsil rejissor və sənətçilərə təsir edirdi. Bu dövrdə Həsən Seyidbəyli, Şamil Mahmudbəyli və digərləri Moskvada Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almışdılar. Onlar əldə etdikləri bilik və istedadı birləşdirərək yeni üslubda filmlər yaratmağa başlamışdılar və psixoloji dərinlikləri ilə seçilən qəhrəman obrazlarını canlandırmışdılar.

İndiki dövrdə isə yeni gənc nəsil kino sahəsinə gəlir. Bu gənclər artıq Sovet dövründə doğulmayıblar, 90-cı illərdən bəri müstəqillik dövründə və internet əsrində böyüyən nəsildirlər. Onlar dünya kinosundakı yenilikləri izləyərək Azərbaycan kinosuna tətbiq etməyə çalışırlar. Bu gənclər artıq Sovet düşüncə tərzindən uzaq durur, dillər öyrənir, festivallarda iştirak etməyə can atırlar və qlobal səviyyəyə çıxmaq üçün yeniliklər gətirirlər. Bir çoxu bu istiqamətdə çalışmağa davam edir və arzularına nail olur. Həmçinin, öz bacarıqlarını inkişaf etdirərək uğurlu addımlar atırlar".

Nərgiz Orucova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il