Azərbaycanda sistemli araşdırmaya başlanılır - Meta məhkəməyə verilir?
Sosial şəbəkələr artıq uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bu platformaların yaratdığı psixoloji və sosial risklər son illər ciddi müzakirə mövzusudur. ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmənin “Meta” şirkətini uşaqların və yeniyetmələrin psixi sağlamlığına zərər vurmaqda təqsirli bilərək 567 milyon dollar ödəməyə məcbur etməsi isə məsələni yenidən gündəmə gətirib. Məhkəmə qərarında “Facebook” və “Instagram” platformalarının uşaqların təhlükəsizliyi və psixi sağlamlığı ilə bağlı kifayət qədər tədbir görmədiyi qənaətinə gəlinib.
Bəs bu qərar sosial şəbəkə şirkətlərinin uşaqlar qarşısında məsuliyyəti baxımından hansı presedenti yaradır? Azərbaycanda da sosial şəbəkələrin uşaqların psixi sağlamlığına təsiri ilə bağlı geniş araşdırma aparmaq mümkündürmü? Əgər konkret uşağın psixoloji vəziyyətinin sosial şəbəkələrdən istifadə nəticəsində pisləşdiyi sübuta yetirilərsə, platforma sahibindən təzminat tələb etmək üçün hüquqi əsas yarana bilərmi?

Mövzu ilə Crossmedia.az-a açıqlama verən hüquqşünas Yalçın Hacızadə qeyd edib ki, ABŞ-in Nyu-Meksiko ştatında Meta şirkətinin Facebook və İnstagram platformalarının yetkinlik yaşına çatmayan istifadəçilərə təsiri ilə bağlı qəbul edilmiş qərar sosial şəbəkə platformalarının uşaqların psixi sağlamlığı qarşısında mümkün hüquqi məsuliyyəti baxımından mühüm əhəmiyyət daşıyır:
“Qərarın əsas əhəmiyyəti yalnız tətbiq edilən maliyyə sanksiyasının məbləğində deyil. Əsas məsələ platformanın dizaynı, alqoritmləri, istifadəçini platformada daha uzun müddət saxlamağa yönəlmiş mexanizmləri, uşaqların təhlükəsizliyinin təmin edilməsi və şirkətin risklər barədə məlumatlılığı kimi məsələlərin hüquqi məsuliyyət müstəvisinə çıxarılmasıdır.
Azərbaycanda uşaqların informasiya mühitində müdafiəsi, şəxsi hüquqlarının qorunması, sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, habelə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı hüquqi baza mövcuddur.
Lakin “uşaq sosial şəbəkədən istifadə edib və psixoloji problem yaranıb” faktının özü məhkəmədə kifayət etməyəcək”.
Hüquqşünas qeyd edib ki, əsas məsələ konkret zərər ilə platformanın davranışı arasında səbəbli əlaqənin sübut edilməsidir: “Burda elmi və hüquqi cəhətdən etibarlı sübut bazası yaradılmalıdır.
Yəni uşağın əvvəlki vəziyyəti, sosial şəbəkədən istifadəyə başlamazdan əvvəlki psixoloji vəziyyəti, məktəb göstəriciləri, sosial davranışı, ailə münasibətləri, əvvəlki psixoloji problemlərin olub-olmaması, sosial şəbəkədən istifadə, gündəlik istifadə müddəti, hesabın yaradıldığı yaş, istifadə olunan platformalar, qarşılaşılan kontent, alqoritm tərəfindən tövsiyə edilən materiallar, özünəqəsd, depressiya, anoreksiya, zorakılıq, narkotik və digər zərərli kontentə məruz qalma, platformanın istifadəçinin yaşını bilib-bilməməsi.
Sonrakı psixoloji vəziyyət, psixoloq və psixiatr rəyləri, tibbi sənədlər, valideyn və müəllim müşahidələri, davranış dəyişiklikləri, yuxu və sosial davranış problemləri, özünə zərərvermə və digər ciddi hallar. Ən mühüm sübut istiqaməti platformanın konkret olaraq həmin uşağa zərərli kontenti hansı mexanizmlə və nə üçün tövsiyə etdiyini müəyyən etməkdi.
Bütün bunlar əvvəlcə elmi-hüquqi araşdırmanın aparılmasını tələb edir. Məsələn, 500–1000 uşaq və yeniyetmə arasında anonim və peşəkar metodologiya əsasında araşdırma keçirilə bilər. Araşdırmada sosial şəbəkədən istifadə müddəti, istifadə olunan platformalar, zərərli kontentlə qarşılaşma, psixoloji vəziyyət və davranış dəyişiklikləri öyrənilə bilər.
Araşdırmaya hüquqşünaslarla yanaşı uşaq psixoloqları, psixiatrlar, sosioloqlar və informasiya texnologiyaları/alqoritm mütəxəssislərinin cəlb edilməsi məqsədəuyğundur.
Meta xarici şirkət olduğundan məhkəmə strategiyasının ən mürəkkəb hissələrindən biri yurisdiksiya və icra məsələləridir. Burada baxılmalı məsələlər; Azərbaycan məhkəmələrinin beynəlxalq yurisdiksiyası, Metanın Azərbaycanda hüquqi təmsilçiliyinin olub-olmaması, iddiaya tətbiq ediləcək hüquq, məhkəmə sənədlərinin xarici şirkətə çatdırılması, xaricdə yerləşən elektron və texniki sübutların əldə edilməsi, Azərbaycan məhkəməsinin qərarının xaricdə tanınması və icrası.
Bu səbəbdən Nyu-Meksiko məhkəmə qərarını birbaşa Azərbaycan hüququna köçürmək mümkün deyil. Onun hüquqi məntiqindən və beynəlxalq təcrübəsindən istifadə etmək daha düzgün olardı. Azərbaycanda sosial şəbəkələrin yetkinlik yaşına çatmayanların psixi sağlamlığına zərər vurması ilə bağlı sistemli araşdırmanın aparılması və konkret hallarda təzminat tələblərinin irəli sürülməsi prinsip etibarilə mümkündür.
Bunun üçün konkret hüquq pozuntusu, real zərər, səbəbli əlaqə və təqsir və ya digər hüquqi məsuliyyət elementləri sübut edilməlidir. Ona görə də ən məqsədəuyğun ilkin addım elmi, hüquqi və texniki araşdırma aparmaq, daha sonra sübut bazası ən güclü olan konkret işlər üzrə məhkəmə strategiyası müəyyən etməkdir.
Bu istiqamətdə düzgün hazırlanmış araşdırma sonradan həm ayrı-ayrı uşaqların kompensasiya tələblərinə, həm də sosial media platformalarının Azərbaycanda fəaliyyət standartlarının təkmilləşdirilməsi ilə bağlı daha geniş hüquqi təşəbbüsə əsas verə bilər”.
Ayhan
11:00 08.08.2026
Oxunuş sayı: 63