KİV: ABŞ-nin Ukraynaya dəstəyi yenidən zəifləyir
ABŞ-nin Ukraynaya hərbi dəstəyi ilə bağlı nikbin gözləntilər yenidən sual altına düşüb.
Crossmedia.az xəbər verir ki, ˝The Atlantic˝-in məlumatına görə, Vaşinqtonun Kiyevə münasibətində yaranan müsbət dinamika qısa müddətdə zəifləyib.
Nəşr yazır ki, bir neçə həftə əvvəl vəziyyət Ukrayna üçün daha əlverişli görünürdü. Ukraynanın uzaqmənzilli zərbələri və dron texnologiyalarındakı uğurları ABŞ-də diqqət çəkmiş, Prezident Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında münasibətlər yaxşılaşmışdı. Hətta Ukraynada əlavə Patriot hava hücumundan müdafiə sistemlərinin istehsal imkanları müzakirə olunurdu.
Lakin son danışıqlardan sonra bu planların reallaşması qeyri-müəyyənləşib. Bildirilir ki, Tramp Ukraynaya yeni Patriot sistemlərinin verilməsi ilə bağlı razılıq verməyib və onların istehsalının Ukraynada lokallaşdırılması ideyasından geri çəkilib.
Məqalədə qeyd olunur ki, Zelenski ABŞ-dən Starlink sistemlərindən Rusiya ərazisindəki raket mövqelərinə zərbələrin yönləndirilməsi üçün istifadəyə icazə istəyib. Lakin nə Tramp, nə də İlon Mask bu məsələdə razılıq verib.
Bundan əlavə, Kiyevdə Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın vaxtlarda Ukraynaya səfər edəcəyi ilə bağlı vədlərə də şübhə ilə yanaşırlar.
“The Atlantic” həmçinin yazır ki, Zelenski komandasının Vaşinqtondakı təsiri daxili siyasi qalmaqallar fonunda zəifləyib. Nəşrin iddiasına görə, Mixail Fedorov müdafiə naziri vəzifəsini itirib, Olqa Stefanışina isə qanunsuz varlanma işi fonunda Vaşinqtonu tərk edərək Ukraynaya qayıdıb. Bu dəyişikliklərin Kiyevin ABŞ-dəki iki mühüm təsir kanalını zəiflətdiyi bildirilir.
Məqalədə vurğulanır ki, bu vəziyyətdən Rusiya da istifadə edir və Ukraynanın hava hücumundan müdafiə sistemlərindəki çatışmazlıqlar fonunda ballistik zərbələri gücləndirir.
Nəşrin qənaətinə görə, yaxın vaxtlarda mümkün dönüş nöqtəsi kimi görünən vəziyyət hazırda yenidən risk altına düşüb.
21:08 07.08.2026
Oxunuş sayı: 53