Belarus Rusiya ilə münasibətlərinə yenidən baxacaq - Şərh
Ermənistanın Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqını “iflic vəziyyətində” adlandırması və bu məsələni qurumun iclasında qaldıracağını bəyan etməsi İrəvanla Moskva arasında fikir ayrılıqlarının dərinləşdiyini göstərir. Bu açıqlamalar Ermənistanın xarici iqtisadi və siyasi kursu ilə bağlı yeni müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ukrayna müharibəsində üzləşdiyi itkilər onun təsir dairəsində olan dövlətlərin xarici siyasətinə də təsir göstərir:

“Ümumiyyətlə, Rusiyanın Ukrayna cəbhəsində məğlubiyyəti nəticəsində bir çox dövlətlər Moskva ilə münasibətlərinə yenidən baxmağa məcbur olurlar. Belarus da Rusiya ilə münasibətlərinə yenidən baxacaq. Avropanın təkidi ilə məhbusların azad edilməsi, Avropa ilə müəyyən əlaqələrin qurulması, Rusiyanın təhrikinə baxmayaraq Ukrayna ilə müharibəyə qoşulmaması da göstərir ki, Belarus, Rusiyanın ən yaxın müttəfiqi olmasına baxmayaraq, ondan müəyyən məsafə saxlamağa çalışır”.
Onun sözlərinə görə, Ermənistan isə Belarusdan fərqli olaraq artıq açıq şəkildə Rusiyadan uzaqlaşmaq və Avropaya yaxınlaşmaq siyasəti yürüdür:
“Ermənistan Belarusdan fərqli olaraq Rusiyadan uzaqlaşma, Avropaya yaxınlaşma xətti tutub. Buna görə də Rusiya ilə bağlı daha tənqidi mövqe nümayiş etdirir. Bu, həm Avrasiya İqtisadi İttifaqına, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına münasibətdə özünü göstərir. Paşinyanın belə kəskin mövqe ortaya qoyması onu göstərir ki, o, Avropanın diqqətini daha qətiyyətli şəkildə öz üzərinə çəkməyə çalışır”.
S.Cəlaloğlu hesab edir ki, Avrasiya İqtisadi İttifaqının əvvəlki imkanlarını qoruyub saxlaması artıq mümkün görünmür:
“Avrasiya İttifaqı əvvəlki gücündə ola bilməz. Çünki Ukrayna-Rusiya müharibəsi Rusiya iqtisadiyyatına çox böyük zərbələr vurub. Bu itkilər artıq Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə də mənfi təsir göstərir. Rusiyanın iqtisadi imkanları zəiflədikcə, onun daxil olduğu birliklərin həm nüfuzu aşağı düşür, həm də imkanları məhdudlaşır”.
ADP sədri bildirib ki, Paşinyanın mövqeyi Rusiyanın əvvəlki təsir imkanlarının zəifləməsi ilə bağlı hesablamalara əsaslanır:
“Artıq Rusiyanın əvvəlki illərdə olduğu kimi Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə geniş iqtisadi yardım göstərmək, iri layihələr həyata keçirmək və ya üzv ölkələrə diktə etmək imkanları yoxdur. Bu yaxınlarda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Vladimir Putinin iştirakı ilə Ukrayna müharibəsi ilə bağlı verdiyi bəyanat da bunu göstərdi. Tokayevin mövqeyi bəzi məqamlarda Paşinyanın mövqeyindən də daha sərt anti-Rusiya bəyanatı idi”.
O vurğulayıb ki, Avrasiya İqtisadi İttifaqında mərkəzdənqaçma meylləri getdikcə güclənir:
“Bu onu göstərir ki, Avrasiya İttifaqında mərkəzdənqaçma meylləri kifayət qədər güclüdür. Bunun əsas səbəbi Rusiyanın beynəlxalq nüfuzunun zəifləməsi, Ukrayna cəbhəsində ağır itkilərə məruz qalması, iqtisadi blokada və sanksiyalar altında olmasıdır. Rusiya ilə əməkdaşlıq edən dövlətlər də bu sanksiyaların təsirini hiss edirlər. Belə olan halda Avrasiya İqtisadi İttifaqının əvvəlki kimi fəaliyyət göstərməsi mümkün deyil. Paşinyan da məhz bu aspektdən çıxış edərək hesab edir ki, Rusiyaya qarşı beynəlxalq sanksiyalar fonunda Avrasiya İqtisadi İttifaqı faktiki olaraq iflic vəziyyətinə düşüb”.
Zərnigar Hüseynli
20:15 31.07.2026
Oxunuş sayı: 53