ABŞ və İsrail İrana qarşı yeni plan hazırlayır
ABŞ və İsrail İrana qarşı mümkün quru blokadası tətbiq etməyi müzakirə edir.
Crossmedia.az xəbər verir ki, "The Telegraph" bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu İran üzərində iqtisadi təzyiqi artırmaq məqsədilə ölkənin quru sərhədlərinin bağlanmasını mümkün variantlardan biri kimi nəzərdən keçirirlər. İddia olunur ki, məsələ onların Ağ Evdə keçirilən son görüşündə müzakirə olunub.
Plan həyata keçirilərsə, ABŞ və İsrail İranın qonşu ölkələrinə sərhəd-keçid məntəqələrini bağlamaq və ya ciddi nəzarət tətbiq etmək üçün təzyiq göstərə bilər. Məqsəd İranın idxal və ixrac imkanlarını maksimum dərəcədə məhdudlaşdırmaqdır.
Nəşrin həmsöhbəti olan israilli yüksəkvəzifəli mənbə bildirib ki, İranın ölkəyə heç nə daxil edə və heç nə çıxara bilməməsi vəziyyəti tamamilə dəyişə bilər.
ABŞ ordusunun istefada olan general-leytenantı Şon Makfarland isə quru blokadasının həyata keçirilməsinin olduqca çətin olduğunu desə də, İranın ticarət imkanlarının məhdudlaşdırılmasının ölkəni iqtisadi baxımdan ciddi zəiflədə biləcəyini vurğulayıb.
"The Telegraph" yazır ki, İranın Çinlə hərbi əməkdaşlıq çərçivəsində yüzlərlə raket qurğusu və daşına bilən hava hücumundan müdafiə sistemləri almağa hazırlaşdığı barədə də məlumatlar var. Bu səbəbdən limanların və əsas sərhəd keçidlərinin nəzarətə götürülməsi İranın yenidən silahlanmasına mane ola bilər.
Bununla yanaşı, nəşr qeyd edir ki, blokada ilə bağlı məlumatların əslində İranı çaşdırmaq və gələcək hərbi addımları gizlətmək məqsədilə dövriyyəyə buraxılmış diqqət yayındırıcı informasiya olması ehtimalı da istisna edilmir.
17:06 31.07.2026
Oxunuş sayı: 53