Qırğızıstan səfəri Azərbaycanın Mərkəzi Asiya strategiyasında yeni mərhələni təsdiqləyir
Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri və Çolpon-Atada Prezident Sadır Japarovla keçirdiyi görüşlər Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin inkişafında yeni mərhələ kimi dəyərləndirilir. Səfərin türk dünyasında strateji əməkdaşlığın dərinləşməsinə, Orta Dəhlizin imkanlarının genişlənməsinə və Azərbaycanın Mərkəzi Asiyada mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcəyi bildirilir.

Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov bildirib ki, Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri və Çolpon-Atada Prezident Sadır Japarov ilə keçirdiyi görüşlər Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin inkişafında yeni mərhələdir. Bu səfər Azərbaycanın Mərkəzi Asiyada həyata keçirdiyi uzunmüddətli geosiyasi strategiyanın məntiqi davamıdır. Onun sözlərinə görə, Mərkəzi Asiya enerji ehtiyatları, nəqliyyat marşrutları və geosiyasi rəqabətin cəmləşdiyi əsas bölgələrdən biridir. Bu baxımdan Azərbaycanın region ölkələri ilə siyasi etimadı institusional əməkdaşlığa çevirməsi xarici siyasətin ardıcıl və strateji xarakter daşıdığını göstərir.
R.Muradov qeyd edib ki, son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr Azərbaycanın türk dünyasında inteqrasiyanın əsas təşəbbüskarlarından birinə çevrildiyini təsdiqləyir. Onun fikrincə, Qırğızıstana dövlət səfəri də bu strateji xəttin davamı kimi qiymətləndirilməlidir.
Deputat vurğulayıb ki, dünya iqtisadiyyatında formalaşan yeni reallıqlar fonunda Orta Dəhliz artıq alternativ marşrut deyil, Avrasiya iqtisadi sisteminin əsas dayaqlarından birinə çevrilib. O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Xəzər üzərindən genişlənən yükdaşımaları Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırıb. Qırğızıstanla əməkdaşlığın genişlənməsi isə bu marşrutun iqtisadi səmərəliliyini yüksəltməklə yanaşı, Mərkəzi Asiya ölkələrinin qlobal bazarlara çıxış imkanlarını da genişləndirəcək.
R.Muradov sözlərinə görə, Azərbaycanın beynəlxalq münasibətlərdə qazandığı etibarlı tərəfdaş statusu uzun illər aparılan ardıcıl xarici siyasətin nəticəsidir. O qeyd edib ki, Avropanın enerji təhlükəsizliyinə verilən töhfələr, Qoşulmama Hərəkatına uğurlu sədrlik, COP29-a ev sahibliyi, eləcə də Türkiyə, Çin, Pakistan, Körfəz və Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən əməkdaşlıq ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirib.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri təkcə iki ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın türk dünyasında strateji inteqrasiyanın dərinləşdirilməsi, Orta Dəhlizin perspektivlərinin genişləndirilməsi və ölkənin Avrasiyada artan geosiyasi rolunun daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nigar Xəlilli
14:15 31.07.2026
Oxunuş sayı: 69