Plastik tullantıların problemi: Vəziyyət mürəkkəbləşir – MÜTƏXƏSSİS RƏYİ
Azərbaycanda ekoloji problemlərin həlli istiqamətində plastik tullantıların idarə olunması və yenidən emalı böyük əhəmiyyət kəsb edir. Ölkədə plastik tullantıların azaldılması və təkrar emalı ilə bağlı müxtəlif təşəbbüslər həyata keçirilir. Bu sahədə fəaliyyət göstərən emal mərkəzləri təkcə tullantıların təkrar istifadəsini təmin etməklə kifayətlənməyərək, həm də ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev plastik tullantıların təbiətdə uzun illər ərzində parçalanmamasının və miqdarının ilbəil artmasının vəziyyəti mürəkkəbləşdirdiyini vurğulayıb:
“Plastik qablaşdırma tullantıları ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bərk məişət tullantılarının tərkibində plastiklərin miqdarı 1960-cı illərdə 1 faiz idisə, hazırda bu göstərici 12 faizdən çoxdur. 1950-ci ildə dünya üzrə təxminən 1,5 milyon ton plastik istehsal edilmişdirsə, 2015-ci ilə qədər bu rəqəm 322 milyon tona çatmışdır. Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkəmizdə adambaşına düşən tullantı həcmi də artmaqdadır. Əgər 2009-cu ildə bu rəqəm 256 kq idisə, 2023-cü ildə 405 kq olmuşdur.”
M.Nəbiyev həmçinin əlavə edib ki, Azərbaycanda tullantıların təkrar emalı üçün yaradılmış infrastruktura baxmayaraq, plastik qablaşdırmaların idxalı son illərdə azalmayıb, əksinə, plastiklərin ümumi idxalı üç dəfədən çox artmışdır.
Balaxanı sənaye parkı və tullantıların təkrar emalı
Ekoloji problemlərin həlli istiqamətində aparılan işlərdən biri də Balaxanı Sənaye Parkının yaradılmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə yaradılan bu sənaye parkının məqsədi tullantıların təkrar emalı sənayesində fəaliyyət göstərən sahibkarlara əlverişli şərait yaratmaqdır. Burada həm vergi güzəştləri tətbiq edilir, həm də infrastruktur təminatı yüksək səviyyədə təşkil olunur.
Nazirlik rəsmisinin sözlərinə görə, təkrar emal müəssisələri son illərdə daha səmərəli fəaliyyət göstərsə də, əsas çətinlik emal üçün tələb olunan xammal çatışmazlığıdır. Buna görə də, ölkənin strateji inkişaf planlarında bu problemin həlli ilə bağlı müvafiq tədbirlər nəzərdə tutulur.
Milli strategiya və plastiklərin yenidən istifadəsi
Azərbaycan Respublikasının “Tullantılar haqqında” Qanunu və “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” bu sahədə dövlət siyasətinin əsasını təşkil edir. Bu qanun və strategiyalar tullantıların ətraf mühitə zərərli təsirinin qarşısının alınması, ekoloji tarazlığın təmin olunması və təkrar emal prosesinin inkişafını hədəfləyir.
Nazirlik rəsmisi bildirib ki, ölkədə plastiklərin təkrar emalı nəticəsində kənd təsərrüfatı məhsullarının daşınması üçün qablaşdırmalar, elektrik naqilləri üçün örtüklər, yeraltı kanalizasiya boruları və digər qida ilə təmasda olmayan qablaşdırma məhsulları istehsal olunur. Bu məhsulların keyfiyyəti istifadə sahələrində yüksək qiymətləndirilir.
Azərbaycanda plastik tullantıların idarə olunması istiqamətində atılan addımlar əhəmiyyətli olsa da, hələ də böyük işlərin görülməsinə ehtiyac var. Təkrar emal sisteminin genişləndirilməsi, plastik istifadəsinin azaldılması və bu istiqamətdə cəmiyyətin məlumatlandırılması ekoloji problemlərin həllində ən mühüm amillərdən biri olaraq qalır.
Saida Ramazanova
08:37 21.12.2024
Oxunuş sayı: 4662