Sosium

Gömrük sisteminin inkişafı üçün əlavə islahatlara ehtiyac var

Gömrük xidmətlərinin rəqəmsallaşdırılması, ticarət əməliyyatlarının sürətini və şəffaflığını artırmaqla yanaşı, dövlətin vergi gəlirlərinin də effektiv şəkildə toplanmasını təmin edir. Bu islahatlar, həmçinin, beynəlxalq ticarət prosedurlarını sadələşdirərək, Azərbaycan iqtisadiyyatının qlobal bazarda daha rəqabətli olmasına kömək edir. Rəqəmsal platformalar vasitəsilə gömrük prosedurlarının avtomatlaşdırılması, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırır. Bütün bu addımlar isə, ölkənin iqtisadi inkişafını sürətləndirir və müasir tələblərə uyğun bir gömrük sisteminin qurulmasına yol açır.

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Crossmedia.az-a açıqlaması zamanı bildirib ki, Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması insanların əməliyyatları daha sürətli və rahat şəkildə həyata keçirməsinə şərait yaradır. Onun sözlərinə görə, bu sahədə gömrük xidmətlərinin rəqəmsallaşdırılması prosedurların sürətini artırmaq və şəffaflığı təmin etmək baxımından da xüsusi əhəmiyyət kəsb edir:

“Hazırda ölkədə üçpilləli gömrük rüsumları sistemi tətbiq olunur. Bu sistemdə mallar müvafiq kodlara əsasən təsnifləşdirilir və 5%, 10% və 15% olmaqla müxtəlif rüsumlar müəyyən edilir. Lakin bəzi hallarda insan faktorunun təsiri nəticəsində eyni məhsullar üzrə fərqli rüsum dərəcələrinin tətbiqi qeyri-şəffaflıq və ədalətsizlik yaradır. Gömrük işçilərinin müdaxiləsi ilə baş verən bu hallar sahibkarlar üçün əlavə problemlərə səbəb olur”.

İqtidarla müxalifət düşmən deyil - Natiq Cəfərli Ədalət Vəliyevlə görüşdən  danışdı

N.Cəfərli onu da vurğulayıb ki, rəqəmsallaşma gömrük sisteminin inkişafı üçün vacib addımdır, lakin bu, mövcud problemlərin tam həllini təmin edə bilməz:

“Sistemin daha şəffaf və ədalətli olması üçün əlavə islahatlara ehtiyac var. Xüsusilə, yeni Gömrük Məcəlləsinin qəbul edilməsi və rüsumların daha aydın mexanizmlərlə təyin olunması bu problemlərin aradan qaldırılmasında mühüm rol oynaya bilər”.

İqtisadçı ekspert əlavə edib ki, belə islahatlar gömrük prosedurlarını daha səmərəli və vətəndaşlar üçün ədalətli şəkildə həyata keçirməyə imkan verməklə bərabər, eləcə də, ölkədə biznes mühitinin daha əlverişli olmasına da töhfə verəcəkdir:

“Belə islahatlar gömrük prosedurlarının daha səmərəli və şəffaf həyata keçirilməsinə, vətəndaşlar və sahibkarlar üçün ədalətli bir sistemin formalaşdırılmasına şərait yaradacaq. Eyni zamanda, bu addımlar ölkədə biznes mühitinin yaxşılaşmasına və iqtisadi inkişafın sürətlənməsinə töhfə verəcəkdir”,- deyə N.Cəfərli qeyd edib. 

Aytac Bəhruzqızı

05:54 19.12.2024

Oxunuş sayı: 7085

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR