Universitetlərin məqsədi nədir: işçi yetişdirmək, yoxsa düşünən fərdlər? – Ekspert AÇIQLADI
Universitetlər nə üçündür? Böyük-kiçik şirkətlər üçün sadəcə yaxşı işçi hazırlamaq, yoxsa cəmiyyətə dərin düşünən və yaradıcı insanlar bəxş etmək? Universitetlər yalnız işçilər hazırlayan "fabriklər"dir, yoxsa cəmiyyətin inkişafı üçün yaradıcılıqla dolu beyinlər yetişdirən məkandır?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan təhsil eksperti Adil Vəliyev bildirib ki, düşünən beyinləri yetişdirmək üçün atılan addımlarda gözlənilən nəticə yoxdur:
“Özüm də indiki işimə qədər universitetin karyera departamentində işlədiyim üçün bu proseslərə çox yaxından bələdəm. Sizə bu barədə deyə bilərəm ki, böyük tədbirlər keçirilməsinə baxmayaraq, təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmirik. Buna səbəb kimi düşünürəm ki, universitet və sənaye əməkdaşlığı çox hallarda sözlərdən ibarət olur. Gözlədiyimiz icraatı nə universitet tərəfdən, nə də şirkət tərəfindən görə bilirik. Düşünürəm ki, buna səbəb bir çox ixtisasların və ixtisaslarda keçirilən dərslərin, sillabusların şirkətlər və sənaye tərəfindən tələb olunmamasıdır. Yəni universitetlər sənaye ilə iş birliyi içində olmaq istəyirlərsə, əməkdaşlıq edərkən hansı ixtisasların və hansı dərsliklərin olmalı olduğu barədə fikir mübadiləsi aparmalıdırlar”.
A.Vəliyev bildirib ki, tədrisə aid olan bütün materiallar yenilənməlidir:
“Düşünürəm ki, universitetlər həm işçi, həm də düşünən insan yetişdirməlidirlər. Çünki indiki dövrdə bizə lazım olan düşünən beyinlər çox hallarda xarici ölkələrə üz tuturlar. Bunun nəticəsi isə heç də yaxşı hal deyil. Xarici inkişaf etmiş ölkələrin necə beyinlərə ehtiyacı varsa, Azərbaycanın da düşünən beyinlərə ehtiyacı var. Bu düşünən insan modelini Azərbaycanda saxlamaq daha faydalı ola bilər. Onların burada qalması üçün də bizim yaxşı təkliflər etməyimiz lazımdır. Əgər biz düşünən beyinləri Azərbaycanda saxlaya bilsək, o zaman həm işçi əməkdaş, həm də düşünən beyin olaraq ölkəmizə daha çox faydaları olacaq. Bu, ölkə iqtisadiyyatına və texnologiyasına faydalı olacaq”.
Beləliklə, nəticəyə gəlmək olar ki, universitetlərin missiyası şirkətlərə işçi hazırlamaqdan daha böyükdür. Universitetlərimizin əsas məqsədi, yalnız təhsil vermək deyil, həm də gələcəyin liderlərini və düşüncə sahiblərini formalaşdırmaqdır.
Samirə Şərif
19:30 19.12.2024
Oxunuş sayı: 4504