Türk Dövlətləri Təşkilatı süni intellekt erasına hazırlaşır
Türk dünyasının siyasi və iqtisadi inteqrasiyasının dərinləşdirilməsi istiqamətində mühüm platformalardan biri hesab olunan Türk Dövlətləri Təşkilatı bu dəfə diqqətini rəqəmsal transformasiya və süni intellekt sahəsində əməkdaşlığa yönəldir.
Mayın 15-də Türküstan şəhərində keçiriləcək Dövlət Başçıları Şurasının qeyri-rəsmi zirvə görüşündə türk dövlətlərinin liderləri yeni texnologiyalar dövründə ortaq inkişaf perspektivlərini müzakirə edəcəklər.
“Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusuna həsr olunacaq zirvə görüşü Türk dünyasında innovasiya əsaslı iqtisadi modelin formalaşdırılması, rəqəmsal əlaqələrin genişləndirilməsi və regional əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Toplantının qədim Türk mədəniyyətinin mənəvi mərkəzlərindən biri olan Türküstanda keçirilməsi isə ortaq tarixi irslə müasir texnoloji gələcəyin vəhdətini simvolizə edən mühüm mesaj kimi qiymətləndirilir.
Məsələ ilə bağlı tarixçi Faiq Ələkbərli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Məlumdur ki, Türk Dövlətləri Təşkilatı son dövrlərdə daha da aktiv fəaliyyət mərhələsinə qədəm qoyub. Şübhəsiz ki, bu aktivlikdə Türkiyə, Azərbaycan və Qazaxıstanın rolu xüsusilə ön plandadır.
Eyni zamanda, Özbəkistan da təşkilatın güclənməsində maraqlı olduğunu açıq şəkildə nümayiş etdirir.
Bu baxımdan, mayın 15-də Qazaxıstanda keçiriləcək növbəti qeyri-rəsmi görüşü müsbət qiymətləndirmək lazımdır. Son dövrlərdə həm Türkiyədə, həm Azərbaycanda baş tutan görüşlərin davamının Qazaxıstan və Özbəkistanda keçirilməsi təqdirəlayiq haldır. Bu, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdiyini göstərir.
Artıq məlumdur ki, qarşıdakı aylarda təşkilat daxilində ortaq milli valyuta ideyası, ədliyyə və məhkəmə sahəsində əməkdaşlıq, hətta ortaq türk məhkəmə mexanizminin formalaşdırılması kimi məsələlər də gündəmdə olacaq. Bütün bunlar Türk dövlətləri arasında inteqrasiyanın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Biz artıq mədəni və iqtisadi sahələrdə ciddi nailiyyətlərin şahidi olmuşuq. Şübhəsiz ki, gələcəkdə siyasi və hərbi-siyasi sahədə də bu əməkdaşlığın daha da genişlənməsi gözlənilir.
Xüsusilə, ortaq Türk ordusunun formalaşdırılması istiqamətində aparılan müzakirələr diqqət çəkir. Ümid edirəm ki, 2026-cı ilin sonuna qədər bu istiqamətdə ciddi qərarlar qəbul ediləcək. Dünyada bunun nümunələri mövcuddur və NATO buna ən bariz örnəklərdən biridir.
Hazırda ikitərəfli hərbi təlimlər keçirilir. Lakin daha önəmli məsələ Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq hərbi təlimlərin təşkili və institusional əməkdaşlığın genişləndirilməsidir.
Digər tərəfdən, ortaq əlifba, ortaq tarix və ortaq ədəbiyyatın formalaşdırılması istiqamətində də mühüm addımlar atılıb.
Bütün bu proseslərin nəticəsində ortaq Türk ordusunun yaradılması istiqamətində 2027-ci ilə qədər daha mühüm addımların atılacağına ümid edirəm.
Hesab edirəm ki, Qazaxıstanda keçiriləcək görüşdə bu və digər məsələlər yenidən gündəmə gətiriləcək və konkret nəticələrin əldə olunması mümkün olacaq".
Elmir Heydərli
12:30 11.05.2026
Oxunuş sayı: 75