Hanter Bayden skandalı: ABŞ-da hüququn ədalətliliyinə kölgə düşür?
ABŞ Prezidenti Co Baydenin oğlunu əfv etməsi ölkədə həm siyasi dairələrdə, həm də ictimai mühitdə ciddi müzakirələrə yol açıb. Hanter Baydenin narkotik maddələrin təsiri altında odlu silah əldə etməsi və vergidən yayınma kimi cinayətlərdə ittiham olunması məsələni həm hüquqi, həm də siyasi baxımdan böyük tənqidlərə məruz qoyub. Bu qərar, ABŞ siyasətində prezidentin ailə üzvlərinin hüquqi problemləri ilə bağlı etik mübahisələri yenidən gündəmə gətirib. Bir çoxları bu addımı hakimiyyətin gücündən sui-istifadə kimi qiymətləndirir, digərləri isə insan hüquqları və rehabilitasiya yanaşması prizmasından dəstəkləyir. Bu cür mübahisəli bir əfv aktı, həm ABŞ-ın siyasi arenasında yeni fikir ayrılıqlarına səbəb olub, həm də ictimai etimad məsələsini yenidən aktuallaşdırıb.
Baydenin oğlunu əfv etməsi xüsusilə Respublikaçı rəqibləri tərəfindən “hüququn aliliyinə endirilmiş ağır zərbə” kimi təqdim edildi. Əlbəttə, demokratik dəyərlərin “müdafiəçisi” kimi özünü dünyaya göstərən bir administrasiyanın belə qərar qəbul etməsi, beynəlxalq arenada çoxlarına başqa cür görünə bilməzdi – klassik “demokratiya dərsləri” verənlərin öz sinif otağında xaos yaşaması.
Respublikaçılar bu addımı nəinki daxili siyasətdə, hətta xaricdə də Bayden administrasiyasının mövqeyini sarsıdan qərar kimi təqdim edirlər. Axı demokratiyanın “parlaq çırağı” hesab edilən Ağ Ev indi öz həyətində nizam saxlaya bilməyən bir ev sahibinə bənzəyir. Nə qədər gülünc görünsə də, Baydenin bu qərarı “kreslodakı son akkordlar” kimi qəbul edilir – bir növ öz adını tarixdə unudulmaz şəkildə qeyd etmək üçün ironik yol seçib. Təsadüf deyil ki, bir neçə gün əvvəl ABŞ Dövlət Departamenti Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərar qəbul etdi. İndi isə bu əfv addımı artıq Ağ Evin rəsmi gündəminin nə qədər qəribə olduğuna dair əlavə bir sübutdur. Ağ Ev son dövrlər ağ günlərilə yox, daha çox qara kölgələri ilə yadda qalmağa çalışır.
Prezident Co Bayden oğlunu əfv etməklə onun "siyasi motivli" təqiblərdən qorunduğunu bəyan edib. Lakin bu addım Respublikaçılar və müxalifət tərəfindən hüququn aliliyinə zərbə kimi qiymətləndirilib. Donald Tramp bu qərarı "kobud sui-istifadə" adlandıraraq Bayden administrasiyasını ikili standartlar tətbiq etməkdə ittiham edib. Trampın fikrincə, Bayden administrasiyası hüququn müdafiəsindən çox, siyasi məqsədlərə xidmət edir. Bu iddia yalnız ölkədaxili deyil, həm də beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb olub.
Respublikaçıların Bayden administrasiyasına olan tənqidləri 2020-ci il ABŞ prezident seçkilərindən sonra daha da güclənmişdi. Xatırladaq ki, həmin seçkilərdə Co Baydenin qalib gəlməsi Respublikaçıların seçki saxtakarlığı iddiaları və 6 yanvar 2021-ci ildə baş verən Kapitoliya hücumu ilə müşayiət olunmuşdu. Donald Tramp və tərəfdarları seçkilərin saxtalaşdırıldığını iddia edərək nəticələri tanımamış və kütləvi etirazlara çağırış etmişdilər. Bu çağırışların kulminasiya nöqtəsi 6 yanvar 2021-ci ildə baş verdi. Həmin gün Tramp tərəfdarları ABŞ Konqresinin Kapitoliya binasına hücum edərək seçki nəticələrinin təsdiqlənməsini dayandırmağa çalışdılar. Hücum zamanı bir neçə nəfər həyatını itirdi, çox sayda insan yaralandı və ABŞ demokratiyasının dayaqları ciddi təhlükə altına düşdü. Bu hadisələr ABŞ tarixində demokratik proseslərə qarşı ən ciddi təhdidlərdən biri kimi yadda qaldı.
Sonrakı araşdırmalar və məhkəmə prosesləri Respublikaçıların irəli sürdüyü seçki saxtakarlığı iddialarını təsdiqləmədi və Co Baydenin qalibiyyəti rəsmən təsdiq edildi. Lakin Trampın tərəfdarları bu hadisədən sonra ağır cəzalarla üzləşdilər. Tramp bu məqamı vurğulayaraq Kapitoliya hücumunda iştirak edənlərin cəzalandırılmasını Baydenin oğluna qarşı göstərilən mərhəmətlə müqayisə etdi. O, bu haqda belə bir ritorik sual verdi: “Nə üçün Hanter Bayden hüquq sistemindən bu qədər mərhəmət görür, amma Kapitoliya binasına addımlayanlar yox?”
Trampın bu müqayisəsi Respublikaçılar arasında əks-səda doğuraraq Bayden administrasiyasına qarşı etimadsızlığı daha da artırdı. Bu hadisələr ABŞ siyasətində tərəfkeşliyin və hüququn aliliyinin pozulması mövzularını yenidən gündəmə gətirdi. Baydenin oğlunu əfv etməsi ilə Trampın yanvarın 6-da baş verənlərdəki mövqeyi arasındakı paralelliklər, ABŞ cəmiyyətində ədalət anlayışına dair sualların yenidən müzakirə edilməsinə səbəb oldu.
Kinayəli məqam burasındadır ki, Bayden keçmişdə oğlunu əfv etməyəcəyini və ədliyyə sisteminə müdaxilə etməyəcəyini açıq şəkildə bəyan etmişdi. İndi isə bu sözləri sadəcə “siyasi pafos” kimi qəbul etməkdən başqa yol qalmır. Əslində, Baydenin bu addımı ilə öz verdiyi vədləri ayaqlar altına atdığı açıq-aşkardır. Nümayəndələr Palatasının üzvü Ceyms Komer isə Baydeni təkcə yalan danışmaqda deyil, eyni zamanda oğlunun qanunsuz fəaliyyətlərini gizlətməkdə ittiham edib.
Digər respublikaçılar da geri qalmayıb: Marjori Teylor Qrin Baydenin bu qərarını hüquqi sistemin təməl prinsiplərinə endirilmiş “ağır yumruq” adlandırıb, senator Ron Conson isə bunu demokratiyaya vurulmuş ciddi zərbə kimi qiymətləndirib. Görünür, Bayden administrasiyası “demokratiyanı qorumaq” adı altında hüquq sisteminin sütunlarını sarsıtmaqla məşğuldur. Belə bir mənzərə qarşısında sadəcə bir sual yaranır: "Hüququn aliliyini qoruyanlar, niyə onu özləri üçün elastik bir prinsipə çevirir?"
Hanter Baydenin narkotik maddələrdən istifadə, qanunsuz silah əldə etmə və vergidən yayınma kimi ciddi cinayətlərdə təqsirli bilinməsi ABŞ ictimaiyyətində ona qarşı mənfi rəyin daha da güclənməsinə səbəb olub. Onun bu qanunsuz əməllərinə görə ciddi cəzalarla üzləşməsi gözlənilirdi. Lakin prezident atası Co Bayden tərəfindən əfv edilməsi, ədalət prinsipinin ailə maraqlarına qurban verildiyi təəssüratını möhkəmləndirib. Bu, hüququn aliliyinə və demokratiya prinsiplərinə zidd bir addım kimi qiymətləndirilir.
Məlumatlara görə, Hanter Bayden 2016-2017-ci illər ərzində təxminən 1.35 milyon dollar dəyərində vergi öhdəliyini yerinə yetirməyib. Bunun nəticəsində o, vergi yayınması ilə bağlı 9 ittiham üzrə mühakimə oluna bilərdi. Hər bir ittiham üzrə cəza isə ümumilikdə 17 il həbs və ödənilməyən vergi məbləği miqdarında cərimə ola bilərdi. Daha ciddi bir hal isə 2018-ci ildə baş verib: Hanter narkotik maddələrin təsiri altında odlu silah alıb və federal sənədlərdə narkotik istifadə etmədiyi barədə yalan məlumat təqdim edib. ABŞ qanunlarına əsasən, bu, ağır cinayət sayılır və 25 ilədək həbs cəzası ilə yanaşı 750 min dollar cərimə nəzərdə tutur.
Statistik rəqəmlər isə daha da diqqətəlayiqdir. Hər il ABŞ-da on minlərlə insan vergidən yayınma və narkotiklə əlaqəli cinayətlərə görə uzunmüddətli həbs cəzalarına məhkum edilir. Xüsusilə narkotik maddələrlə bağlı odlu silah əldə edənlərin 90 faizi sərt cəzalandırılır. Buna baxmayaraq, Hanter Bayden həmin qanunauyğunluqdan “möcüzəvi şəkildə” kənar qaldı. Prezident atasının ona qarşı göstərdiyi xüsusi münasibət, hüquqi sistemin ədalətli və bərabər prinsiplərinə kölgə salmaqla yanaşı, ABŞ-da hüququn seçici şəkildə tətbiq edildiyinə dair şübhələri gücləndirir.
Bu vəziyyət, həm Bayden administrasiyasının şəffaflıq və hüquqi sistemə hörmət iddialarını zədələyir, həm də ABŞ ictimaiyyətində "hər kəs qanun qarşısında bərabərdir" anlayışına olan etimadı sarsıdır.
Bu hadisələr ABŞ-da demokratik institutların və proseslərin sınaqdan keçirildiyi bir dövrü əks etdirir.
Ləman TƏHMƏZ
12:28 12.12.2024
Oxunuş sayı: 4745