Keçmiş xatirələr bizi niyə rahat buraxmır? – Psixoloqdan maraqlı izah
Hər bir insanın həyatında keçmiş xatirələr xüsusi yer tutur. Bəzən biz onları şüurlu şəkildə yada salırıq, bəzən isə qəfildən ağlımıza gəlir.
Keçmiş, həm xoşbəxt anlarımızın, həm də çətin dönəmlərimizin yaddaşımızda əks-sədasıdır. İnsan öz indiki vəziyyətindən narazı olduqda, şüursuz şəkildə əvvəlki xatirələrə sığınır. Keçmiş bizə dərs verir, amma eyni zamanda bizi düşüncələrdə dolaşdıra da bilər.
Bəzən xoş xatirələr bizi rahatladır, bəzən isə travmalarla acıları yenidən yaşayırıq. Psixoloqlar deyirlər ki, insan yaşadığı anı dəyərləndirməli, həm keçmişin ağırlığında ilişib qalmamalı, həm də gələcəyin narahatlığına qapılmamalıdır.
Bu yazıda insanın keçmişi xatırlamasının psixoloji səbəbləri və indiki vaxtla əlaqəsi araşdırılacaq.
Mövzu ilə bağlı psixoloq Aynur İsgəndərova Crossmedia.az-a açıqlama verib.
O, insanın keçmişini tez-tez xatırlamasının, şüurlu şəkildə keçmişə qayıtmasının psixoloji səbəbləri olduğunu deyərək, bunlardan birinin indiki anda özünü xoşbəxt hiss etməməsi və ya yaşadığı narahatlıqla bağlıdır.
"Bəzən indiki münasibətlərdə müəyyən problemlər olduqda insan əvvəlki münasibətləri düşünməyə vadar olur. Bu münasibətlər ailə, dostluq və ya sevgi ola bilər.
Nəsə yolunda getməyəndə insan istər-istəməz keçmişdəki xoş anlara qayıtmaq istəyir — həmin insanlarla, yaxud başqa insanlarla yaşadığı xoş anlara...
Bunu şüurlu şəkildə də edə bilər, şüursuz şəkildə də. Yəni qəfildən xatırlaya bilər. İnsanın keçmişi qəsdən xatırlaması və onu yenidən yada salması bu səbəblərdən biri ola bilər."
Psixoloq bu halların insanın xarakterindən də asılı olduğunu əlavə edərək, bunun müəyyən fərqli aspektlərinin olduğunu qeyd edib.
"Elə insanlar var ki, ümumiyyətlə keçmiş haqqında çox düşünmürlər. Bu, həm xoş, həm də pis xatirələrə aid ola bilər. Onlar keçmişdə ilişib qalmamağı və daha çox indiki və gələcək planlarına fokuslanmağı seçirlər. Belə insanlar müəyyən məqsədlər qoyur, onları reallaşdırdıqca xoşbəxt olurlar.
Amma bəzən insan keçmişdə ciddi travmalar alır. Bu travmalar şüuraltı səviyyədə baş verir. Yəni beyinin müdafiə mexanizmi həmin travmanı ya unudur, ya da xatırlamamağa çalışır.
Məsələn, eyni hadisədə olmuş başqa bir insandan soruşanda: “Belə bir şey olubmu?” O, deyə bilər: “Xeyr, mənim yadımda qalmayıb”.
Bu ona görə olur ki, insan şüuraltı olaraq xatırlamır, müdafiə mexanizmi onu unutdurur.
Amma elə insanlar da var ki, keçmişdəki travmalardan dərs almaq üçün həmin xatirələri unutmurlar və zaman-zaman onları xatırlayırlar. Bu, sanki onlara yenidən verilən dərs kimidir.
Bəzən isə fərqində olmadan müəyyən assosiasiyalar yaranır. Məsələn, uşaqlığın keçdiyi bir məhəllədən uzaqlaşmış insan həmin məhəlləyə oxşar bir yerdən keçəndə keçmiş xatirələr yada düşür. Yaxud da uşaqlığın keçdiyi evə oxşar bir ev görərkən həmin xatirələr canlanır.
Belə hallarda assosiasiyalar insanı keçmişə qaytarır. Assosiasiyaların üç növü var: müqayisəli, oxşarlıq və əkslik. Bu mənada assosiasiyalar insanı keçmiş hadisələr haqqında düşünməyə vadar edir".
Aynur İsgəndərovanın fikrincə, insan yaşadığı anı dəyərləndirməlidir, nə keçmişdə ilişib qalmaq, nə də gələcəkdə itmək lazım deyil.
"Keçmiş keçmişdə qalıb. Bundan dərs almaq olar, amma onunla yaşamaq lazım deyil. İnsanın yaşı xronoloji deyil, yaşadıqları ilə ölçülür.
Gələcək üçün planlar qurmaq məqsədəuyğundur, amma yalnız planlara fokuslanmaq insanı indiki anı yaşamağa imkan vermir. İnsanın xoşbəxtliyi daha çox indiki anda, yaşadığı anlardan gəlir.
Belə ki, ətrafındakı hadisələri və mənzərələri hiss edə bilmək üçün insan yaşadığı andan zövq almalıdır.
Bəzən insanlar indiki anla yaşamırlar, yalnız gələcəyi düşünürlər. Bu da ayrıca problem yaradır.
Böyük arzular varsa, onu mərhələlərə bölmək və hər mərhələdə özünü mükafatlandırmaq lazımdır. Amma bəzən planlar istədiyimiz kimi alınmaya bilər.
Bu halda əsas odur ki, insan əlindən gələni etsin və nəticəni qəbul etsin".
Psixoloq onu da əlavə edib ki, insanın uğur qazanıb-qazanmamasından daha çox, səhvlərdən dərs çıxarması və pozitiv nəticə axtarması vacibdir. Beləliklə, insan səbəb axtarmalı və yoluna davam etməlidir.
Turqut Ansari
14:24 16.03.2026
Oxunuş sayı: 3411